« Geri

GƏNCƏ ADLI SƏLNAMƏ
(Tarix proqramı)

Sözügedən verilişin ana xəttində qədim Gəncəyə səyahət durur. Verilişdə habelə şəhərin ayrı-ayrı məhəllələrinin dünəni, bugünü, keçdiyi həyat yolu barədə məlumat verilir. Proqramda mahiyyət təşkil edən əsas amillərdən biri də adları dəyişdirilən, təhriflərə məruz qalan və ya ümumiyyətlə, günümüzdə məhəllə anlamı kimi səciyyəvi xüsusiyyətini itirən, köhnə yaşayış massivlərini araşdırıb, əsaslı şəkildə tamaşaçıya göstərməkdir. “Gəncə adlı salnamə”, öz üzərinə düşən lazımi missiyalardan birini də, bu şəhərin özünəməxsusluğuna çevrilən qədim abidələrin, məscid və karvansaraların, bazarların tarixini araşdırmaqda görür.


Veriliş boyu müxtəlif məhəllələrdə yaşayıb-yaradan, tanınan və tanınmayan insanlar, xalq arasında xüsusi nüfuza malik olan şəxsiyyətlər, habelə adını Azərbaycan və Gəncə tarixinə yaşadığı şərəfli həyat yolu ilə yazdıran ziyalıların ömür cığırına da səfər olunacaq. Hər həftə bir məhəllənin tarixinin araşdırılacağı verilişdə, dəlil kimi, əsasən şəhər ziyalıları, məhəllə ağsaqqal və ağbirçəklərinin söyləyəcəkləri fikirlər, həmçinin tarixi faktlara söykənən bəzi mənbələr, kitab və jurnallardan götürülən informasiyalar yer alacaq.

Verilişin aparıcısı Ayaz Hüseynovdur. Veriliş hər həftənin bazar günü saat 19:50–də yayımlanır. Maraqlı, tarixi faktlarla zəngin, bu faktların mahiyyətini dərk edərək qədim və müasirliyin vəhdətini özündə aşılayan “Gəncə adlı salnamə”nin böyük elmi və baxıcı kütləsinin olacağına ümid edirik.

ganja@kepeztv.az

13.05.2012
Əli Quliyev
O,elmimizin inkişafı yolunda qolunu və sevdiyi xanımı qurban verdi.Görkəmli elm xadimi,akademik Əli Quliyev onun elmi kəşfləri və ixtiraları bu günki nəsil tərəfindən də əvəzolunmaz vasitə kimi tətbiq edilir.AMEA Aşqarlar Kimyası İnstitutunun yaradıcısı,neft və kimya,qaz sənayesi sahələrində dövrünün aparıcı alimi Əli Quliyevin keşməkeşli həyat və yaradıcılıq yolu Gəncə adlı salnamənin növbəti buraxılışında.
06.05.2012
Mirzə Abbas Abbaszadə
O ilk milli əlifba kitabının müəllifi idi.Görkəmli ziyalılarımız Mir Cəlal Paşayev,Həmid Araslı,Qəmbər Hüseynli,Mirəli Qaşqay,Əli Quliyevin dərs aldığı Mirzə Abbas əlifbasının və müəllifin faciəvi həyatı.Ömrünü xalq üçün adayan xeyriyyəçi,pedaqoq və folklorşünasın Azərbaycan tarixinə verdiyi digər töhvələri.Gəncə adlı salnamə böyük mütəfəkkir Mirzə Abbas Abbaszadənin həyat kitabəsini vərəqləyəcək.
29.04.2012
Əliqara bəy Məmmədov
Dövrünün eybəcərlikləri ilə barışmayan,Gəncə üsyanının ən fəal üzvü,Xeyriyyə məktəblərində Türk-lisanı müəllimi Əli bəy Məhəmmədli. Gəncə üsyanından sonra çoxları çıxış yolunu mühacirətdə tapsa da o tamam başqa addım atır.Əli Əfəndi Məhəmmədli adını Əliqara bəy Məmmədov adıyla əvəzləyir. Gəncə adlı salnamə ötən əsrin əvvəllərində Gəncə camaatı arasında böyük nüfuz sahibi olan Gədəbəy maarifinin yaradıcısı Əliqara bəy Məhəmmədlinin represiya illərinə səfər edəcək.
15.04.2012 / 22.04.2012
Fikrət Əmirov
O bir Çinar idi,Gəncə torpağından əzəmətlə qalxan,budaqları dünyanı ağuşuna alan bir çinar.Yazdığı musiqi əsərləri ilə dünyanı fəth edən böyük bəstəkar Fikrət Əmirov .Azərbaycan musiqisinə Simfonik-muğam janrı kimi yeni bir üslub gətirən Fikrət Əmirovu bu gün hər kəs böyük bəstəkar olmasıyla bərabər səmimi və xeyirxah insan kimi də xatırlayır. Gəncə adlı salnamə "Şur" və "Kürd ovşarı" simfonik muğamları , "Kor Ərəbin mahnısı", "Azərbaycan kapriççiosu" kimi ölməz əsərləri illə qəlbləri riqqətə gətirən Fikrət Əmirov musiqisinin sehrinə düşəcək.
08.04.2012
Abdulla Sur
O bu günki nəsillər tərəfindən az tanınsa da qısa ömrü ərzində bu günümüz üçün çox iş görüb.Dövrün tanınan tənqidçisi,gəncəli Abdulla Tofiq Sur – Mirzə Abdulla Məhəmmədzadə. Dil və üslubun sadəliyi, başa düşülən olması məsələsinə önəm verən Abdulla Surun hədəfi..Əhməd Cavad onu , o isə Firuddin bəy Köçərlini özünün mənəvi müəllimi hesab edib. Gəncə adlı salnamə, 29 illik ömrünü elmə və millətin maariflənməsinə adayan, "Türk ədəbiyyatına bir baxış" kitabının müəllifi gəncəli Abdulla Tofiq Sur kitabəsini vərəqləyəcək.
01.04.2012
Comərd Qəssab
Zamanla Azərbaycan ərazilərində tarix yazmaqlarına baxmayaraq tarix səhifələrində çox zaman olmayan Əxi-cəsur qardaşlar təşkilatı.Cəmiyyətin əsas məqsədi Əxilərin ən nüfuzlu nümayəndəsi – Gəncəli Comərd Qəssab Gəncə adlı salnamə halallıq və xeyirxahlığı özləri üçün həyat meyarı hesab edən Əxi cəmiyyətindən və cəmiyyətin əsas siması Comərd Qəssabdan söz açacaq.
11.03.2012 / 18.03.2012
Həmid Araslı
Tale onun da yolunda Gəncədən Bakıya,Bakıdan isə dünyaya gedən bir cığır açıb.Bu cığırın aşırımlı yollarını inamla qət edən akademik Həmid Araslı.Nizami,Fizuli,Xətai kimi şəxsiyyətləri,Dədə Qorqudu dünyaya tanıdan , çoxlarımızın tanımadan belə müəlliminə çevrilən,Həmid Araslının ən böyük fədakarlığı - Akademik Əlyazmalar fondunun banisi olaraq. Gəncə adlı salnamə daha bir Gəncə yetirməsi , görkəmli elm fədaisi Həmid Araslının həyat yoluna səfər edəcək.
26.02.2012
Məhsəti Gəncəvi
İlk musiqiçi,ilk qadın bəstəkar,ilk şahmatçı xanım.O çox şeydə birincilik qazanıb.Məhsəti Gəncəvi olaraq. Onun həyatı ilə bağlı əsas məqamlar Məhsəti və Əmir Əhməd dastanından götürülüb. Gəncə adlı salnamə dahi şairə Məhsəti Gəncəvinin yazdığı həyat kitabəsini vərəqləyəcək.
12.02.2012 / 19.02.2012
Dəli Alı
19-cu əsrin sonları,20-ci əsrin əvvəllərində Azərbaycanda geniş vüsət alan qaçaqçılıq hərəkatı.O da xalqın müdafiəsi naminə qaçaq hərəkatına qoşulub. "Qaçaqlığı haqqında dastanlar söylənilən Qafqaziyyə şeytanı - Dəli Alı "Gəncə adlı salnamə 1905-ci il,erməni – müsəlman davasında xalqın pənah yerinə çevrilən Dəli Alının qaçaqçılıq yoluna səfər edəcək.
05.02.2012
Abbas Səhhət
Uşaq yaşlarımızdan yaddaşlarımızda qalan bu mahnının sözlərinin müəllifi təbib,şair Abbas Səhhətin faciəvi həyatıSəfalət içərisində ömür sürən şairin Şamaxıdan Gəncəyə üz tutmasında erməni faktoru.Gəncə adlı salnamə qalmış məzarı yeri belə dəqiq məlum olmayan Abbas Səhhətin keçdiyi faciəli həyat yoluna səfər edəcək.
22.01.2012 / 29.01.2012
İsrafil Məmmədov
Öz mərdlik salnaməsi ilə adını Azərbaycan qəhrəmanlıq tarixinə yazdıran Sovet ittifaqı qəhrəmanı İsrafil Məmmədov.O qəhrəmanlıq zirvəsinə doğru getdiyi yolda hər kəsə örnək olacaq bir dastan yazıb.İsrafil Məmmədovun ölümünə rəvac verən amillər,onun gündəlik həyatdakı özünəməxsusluğu,bu gün Gəncədə yerləşən ev muzeyi Gəncə adlı salnamənin növbəti buraxılışında.
15.01.2012
Mirzə Şəfi Vazeh
Onu hər kəs işığı oğurlanan ulduza bənzədir.Həyatı iztirablar içərisində keçən böyük mütəfəkkir,gəncəli Mirzə Şəfi Vazeh. Mirzə Şəfi yaradıcılığında yeni bir səhifə.....Alman yazarı Fridrix Bodenşteyd.Mirzə Şəfi əsərlərini mənimsəyən anti şəxsiyyət olaraq. Zəmanəsində dünya onun şəxsiyyətini tanımasa da əsərləri ilə insanlığı kəşf edib. Gəncə adlı salnamə böyük şair Mirzə Şəfi Vazehin keçdiyi həyat kitabəsini vərəqləyəcək.
08.01.2012
Hacı Əli Hüseynzadə
Hacı Əli Hüseynzadə Xeyriyyəçilik insaniyyətlikdir.Ondan doymayan insaniyyətindən də doymaz deyirlər.Öz insani əməllərinə və xeyriyyəçi addımlarına görə gəncəlilər onu “El atası”və “İkinci Hacı Zeynalabdin Tağıyev” adlandırıblar.20-ci əsrin əvvəllərində Gəncədə böyük tütün fabriki olan və burdan əldə edilən qazanc hesabına məktəb,mədrəsə açan,tələbələr üçün yataqxana tikdirən Gəncə milyonçusu Hacı Əli Hüseynzadə.İrəvandan qovulan qərbi Azərbaycanlı soydaşlarımızı yurd-yuva ilə təmin edən Hacı Əlini camaat həm də Gəncədəki Yeni İrəvan məhəlləsinin bünövrəsini qoyan şəxsiyyət kimi tanıyırlar.Gəncə adlı salnamə nəinki Gəncədə,bütün Azərbaycanda xeyriyyəçi kimi ürəklərdə qalan Hacı Əli Hüseynzadənin keçdiyi həyat yoluna səfər edəcək.
18.12.2011 / 11.12.2011
Mirzə Məhəmməd Axundzadə
Onun “Teatro”nədir əsəri Azərbaycan teatrşünaslığı tarixində ilk kitab hesab olunur. Ömrünün şüurlu hissəsini Azərbaycan elminə və xalqın mənafeyinə xərcləyən Mirzə Məhəmməd Axundzadə Dahi Nizaminin müqəddəs nəşini gözlərilə görən Axundzadənin şair haqqında yazdığı kitabın özlülüyü. Məşhur Difai firqəsinin möhrünün Mirzə Məhəmmədin evindən tapılmasının gizli təfərrüatları. Mirzə Məhəmməd Azərbaycan şəxsiyyətlərinin gözü ilə Gəncə adlı Difai fədaisi Mirzə Məhəmməd Axundzadənin keşməkeşlərlə dolu həyat kitabəsini vərəqləyəcək.
04.12.2011
Zərgər Ağamirzə
Onun düzəltdiyi zərgərlik məmulatları Dəli Alı, İran şahı Müzəffərəddin, Mirzə Abbas Abbaszadə və onlarla böyük şəxsiyyətə hədiyyə edilib. Əl işləri Azərbaycanın bir çox muzeylərində sərgilənən məşhur gəncəli zərgər Məşədi Ağamirzə. Zərgərin vaxtilə Gəncədə keçirilən toylar zamanı ağız-ağız dolaşan bir şakəri də olub. Baba yolu ilə gedən Zərgər Ağamirzə yolunun davamçısı. Gəncə adlı salnamə məşhur zərgər Məşədi Ağamirzənin zərgərlik sirlərinə nəzər salacaq.
27.11.2011
Qəmbər Hüseynli
Ötən əsrin 50-ci illərində Bakı adını eşidən Çarli Çaplin pionino arxasına keçərək onun məşhur Cücələrim mahnısını ifa etməyə çalışır və məndən bəxtəvər bəstəkara salam söyləyin deyir.Bir mahnıyla şöhrət qazanan mərhum bəstəkar Qəmbər Hüseynli.Onun da həyatı keşməkeşli olub.Sovet imperiyasının ölkəmiz üzərində əsdirdiyi qorxulu külək Qəmbər Hüseynlidəndə yan keçməyib.Mahnıları ilə ürəklərə yol tapan Qəmbər Hüseynlinin digər özlülüyü.Gəncə adlı salnamə böyük bəstəkar Qəmbər Hüseynlinin keçdiyi həyat yoluna səfər edəcək.
20.11.2011
Nəsib bəy Yusifbəyli
Onun ictimai fəaliyyəti haqqında çox danışılıb,çox yazılıb. Ancaq həyatındakı bəzi gizli məqamlar hələ də insanları düşündürür. Şərəfli həyat yolu ilə adını tarixə yazdıran Nəsib bəy Yusifbəyli. Nəsib bəylə həyat yoldaşı Şəfiqə xanım arasında olan anlaşılmazlıq.Onların ayrılığına səbəb Eynülhəyat xanım idi yoxsa... Onun ölümünün müəmmalı tərəfi. Gizli qalan qətlin məkanını Şəfiqə xanım aydınlaşdırdı. ADR-in baş naziri Nəsib bəy Yusifbəylinin həyat yolu ilə bağlı digər maraqlı məqamlar Gəncə adlı salnamənin növbəti dayanacağında.
13.11.2011
Fətəli xan Xoyski
1933-cü ildə Xəlil bəy Xasməmmədov onun insani keyfiyyətləri haqqında belə yazırdı: O,əslən kübar, fəqət qəlbən demokrat olub, dövlətşünas və qanunçu idi. Gözəl natiq, qüvvətli məntiq sahibi mərhum Fətəli xan Xoyski.Əslən Dünbülü Batman Kılıç tayfasından olan Xoyski - Xoy,Şəki xanlarının xələfi olaraq.Böyük dövlət xadiminin Azərbaycan Dövlət Cümhuriyyətinə olan töhvəsi.Gəncə adlı salnamə,Azərbaycan Demokratik Respublikası hökumətinin başçısı Xoyski Fətəli Xan İskəndər Xan oğlunun keçdiyi şərəfli həyat yoluna səfər edəcək.
30.10.2011 / 06.11.2011
Əhməd Cavad
Soranlara, bən bu yurdun. Anlatayım nəsiyəm: Bən çeynənən bir ölkənin "Haqq!" bağıran səsiyəm! deyirdi böyük şair. Bəli o susmadı və elə susmadığına görə də olmazın əzablara mübtəla oldu. Amma o qorxmurdu bu əzablardan. Çünki həqiqət uğrunda hər şeyi gözə almışdı .Gəncə adlı salnamə 68 – il qorunub saxlanan məşhur “Susmaram” şerinin,uğruna qurban getdiyi Göy-göl şerinin,məşhur Çırpınırdı Qara dəniz şerinin və Azərbaycan himninin sözlərinin müəllifi, ölməz şair Əhməd Cavadın həyat salnaməsinə səfər edəcək.
23.10.2011
Carlı və Talalı
Bu məhəllələrin hər ikisi müxtəlif zaman kəsiklərində Azərbaycanın şimal ərazilərindən Gəncəyə üz tutublar.Zamanla Bağmanlar massivinin Qırıqlı məhəlləsi daxilində unudulan Carlı və Tatalı məhəlləsi.Məhəllənin tanınan simaları... Ötən əsrin əvvəllərində Gəncə sakinlərinin pənah yerinə çevrilən Seyyid Mir Məsim ağa piri...Məhəllənin adlı sakinləri və onların özünəməxsusluğu...Gəncə adlı salnamə qədim Carlı və Talalı məhəlləsindən keçəcək.
16.10.2011
Dördyol məhəlləsi
Bu məhəllənin adı dahi şair və bəstəkarlarımızın ölməz əsərlərində bu gündə canlanır.Arxları,kəhrizləri ilə qapılarını sakinlərə açan qədim Dördyol məhəlləsi.Tanınmış şəxsiyyətlər Dördyol məhəlləsinin timsalında Gəncənin siması olaraq.Məhəllənin tarixi tikililəri. Gəncə adlı salnamə qədim Dördyol məhəlləsindən keçəcək.
09.10.2011
Haxlı məhəlləsi
Bu məhəllənin sakinləri özlərinə haxlı adını verdilər.Tarixi kökləri 300 ilə söykənən Haxlı məhəlləsinin haqq ədalətin qorunması naminə olan həssalığı. Kiçik məhəllənin böyük nəsilləri.Haxlının bir hissəsini əhatə edən Cır Haxlıda qadın hakimiyyətinin hökm sürdüyü nəsillər. Haxlı sakinlərinin dünyalarını dəyişən simsarlarını yaxınlıqdakı qocaxan qəbiristanlığında dəfn etməkdən çəkinmələrinin səbəbi. Haxlının digər Gəncə məhəllələri içərisində özlülüyü. Gəncə adlı salnamə qədim Haxlı məhəlləsindən keçəcək.
08.05.2011 / 15.05.2011
Dahi Nizaminin məzarı
Tarix köhnə Gəncənin bu məhəlləsinin adını özündə yaşatsa da,məhəllə Şah Abbas Gəncəsinə köçürülməyib.Qədim Şıx düzü məhəlləsi və məhəllənin adı ilə bağlı diqqətçəkən məqamlar.Şıx düzü məhəlləsinin özünəməxsusluğuna çevrilən dahi Nizaminin məzarı.Məzarın keçdiyi faciəvi tarix yolu.Nizami məzarının,məqbərəsinin ilkin quruluşunun nə zaman və hansı tarixi hadisə nəticəsində tarixə qovuşması.Böyük mütəfəkkirin məzarının 2 dəfə açılması və dahi şairə məxsus olan əşyaların qarət olunması.Söz ustadının nəşinin Şah Abbas meydanına köçülməsi.Nizami məqbərəsi böyük mütəfəkkirlərin gözü ilə.Gəncə adlı salnamə Şıx düzü məhəlləsindən keçib dahi Nizaminin məzarını ziyarət edəcək.
01.05.2011
Hacı Məlikli məhəlləsi
Bu məhəllənin də aqibəti vaxtilə sağ sahil bayır şəhərin digər məhəllələrinin aqibəti ilə demək olar ki,eyni olub.Hacı Məlikli məhəlləsi və Hacı Məliyin kimliyi.Bəzi mənbələrdə Hacı Məliklə bağlı olan xoşagəlməz fikirlərin öz təsdiqini tapmaması.Məhəllənin Göy-göl rayonundakı etyniadlı kəndlə əlaqəsi.Hacı Məliyin digər məhəllələrdən fərqi.Məhəllənin elm adamları.Gəncə adlı salnamə qədim Hacı Məlikli məhəlləsindən keçəcək.
17.04.2011 / 24.04.2011
Gəncə İmamzadə ziyarətgahı
Yadellilərin qəfil hücumlarından,yüksək episentrli zərzələlərdən sınmayan Gəncənin dünəni. Şəhərimizin yaşının 2500-dən artıq olmasını isbat edən tarixi faktlar.İmamzadə ətrafındakı Köhnə Gəncə.Köhnə Gəncənin günümüzə gəlib çıxan ən möhtəşəm yadigarı –Tarixi İmamzadə türbəsi və məscid komleksi.İmamzadə ifadəsi hardan qaynaqlanır.İmamzadədə hansı imam övladının dəfn edilməsi ilə bağlı xalq arasında dolaşan rəvayətlər.Gəncə adlı salnamə Köhnə Gəncəyə səfər edib,İmamzadə məscid kompleksini ziyarət edəcək. Azərbaycanın digər İmamzadələrindən öz memarlıq üslubu,tarixi əhəmiyyətinə görə seçilən Gəncə İmamzadə piri.İmamzadənin bina olaraq tikilmə tarixi.İmamzadə,yoxsa Göy İmam türbəsi.Abidə ətrafındakı qəbiristanlığın nə zaman salınması və burda Azərbaycan tarixində xüsusi nüfuza malik olan hansı şəxsiyyətlərin uyuması.Kompleksin təmir olunma ardıcıllığı.İmamzadəyə dövlətimizin qayğısı və tarixi abidənin bu günki siması.Gəncə adlı salnamə İmamzadə məscid kompleksini ziyarət edib,tarixi abidənin dünənini vərəqləyəcək.
10.04.2011
Arazbar məhəlləsi
Bu məhəllə Zərrabi, Bala Bağman, Səbzəvad və Allahdad məhəllələri arasında kiçik bir sahəni əhatə edirdi.Arazbar məhəlləsi və toponimdəki söz birləşmələrinin hardan qaynaqlanması.Arazbarlıların tarixən məskunlaşdıqları bölgələr.Məhəllənin adı dünya alimlərinin əsərlərində.Arazbar tayfasının Gəncəyə Qarabağdan gəlişlərini təsdiq edən faktlar. Tarixdə iz qoyan Arazbar savaşında Gəncə ilə bağlı olan nüanslar. "Gəncə adlı salnamə" qədim Arazbar məhəlləsindən keçəcək.
03.04.2011
Tapqışlaq məhəlləsi
Bu məhəllə Gəncənin digər basalaqlarından fərli olaraq öz dəyirmanlarının çoxluğu ilə seçilidi.Tapqışlaq məhəlləsi və toponimdəki Tapqışlaq sözü ilə bağlı yazılı mənbələrlə Tapqışlaqlı ağsaqqalların fikirlərinin haçalanması.Tapqışlaq məhəlləsinin Gəncə təzə yerinə köçərkən yaranmasını təstiq edən faktlar.Tapqışlaqda dünən və bu günün vəhdəti. Gəncə adlı salnamə Tapqışlaq məhəlləsindən keçəcək.
27.03.2011
Toyuqçu məhəlləsi
Bu məhəllə də Gəncə məhəllələrinin əksəriyyətinə xas olan peşə-sənət əlamətlərinə görə fərqlənir.Toyuqçu məhəlləsi və bu toponimlə bağlı ziddiyyətli məqamlar.Toyuqçular – yoxsa Tuyuqçular məhəlləsi.Toyuqçu məscidinin 10 illərdir Şərəfxanlı məscidi adlanmasının sirri.Toyuqçuların ən məşhur nümayəndələri.Gəncə adlı salnamə Toyuqçu məhəlləsinin keçdiyi tarix yoluna nəzər salacaq.
20.03.2011
Tatabad məhəlləsi
Tatların Azərbaycanda yayılma arealları.Azsaylı xalq olmalarına rəğmən Azərbaycan tarixinə verdikləri töhvələr.Tat əhalisinin dünya miqyasında özünəməxsusluğu.Tatların Gəncə və Gəncəbasara gəlməsinin ən mühüm səbəbi.Gəncədəki Tatabad məhəlləsinin digər Gəncə məhəllələrindən fərqi.Gəncə adlı salnamə qədim Tatabad məhəlləsindən keçəcək.
13.03.2011
Noraşen məhəlləsi
Bu məhəllədə ərazi vahidi və ümumiyyətlə toponim olaraq ermənilər tərəfindən mənimsənilib.Noroşen toponimi-erməni,yoxsa qədim türk mənşəli söz.Noraşen məhəlləsinin Azərbaycan və Gəncənin ərazi vahidi olmasını isbat edən tarixi faktlar.Noraşenin məhəllə olaraqq formalaşması haqqında fikirlər bizi tarixin daha dərinliklərinə nəzər salmağa vadar edir.Noraşenin özünəməxsusluğuna çevrilən Noraşen kəhrizi və keçmiş Xalqlar dostluğu muzeyinin binası.Gəncə adlı salnamə qədim Noraşen məhəlləsinin etnooronimini araşdıracaq.
06.03.2011
Xan bağı
Bu bağın adı və ümumiyyətlə tarixi siması zamanla təhriflərə məruz qalıb.Sərdar,yoxsa Xan bağı....Əsrlərin məşəqqətindən üzüağ çıxan Xan bağı əslində hansı ərazidə olub?Bağın ən böyük özünəməxsusluğu.Zaqafqaziyanın ən qədim parkının bu günki siması.Xan bağı asbektindən baxdığımız zaman bizim üzərimizə düşən öhdəlik.
13.02.2011
Molla Cəlilli məhəlləsi
Gənəcənin sözün əsl mənasında başıbəlalı məhəllələrindən biri də Molla Cəlillidir.Ermənilərin deportasiyaya uğratdıqları Molla Cəlilli sakinlərinin Göy-Göl rayonundakı eyniadlı kəndlə əlaqəsi.Sağ sahilin ən böyük məhəlləsi olan Molla Cəlillinin sol sahilə köçürülməsi tarixinin ermənilər tərəfindən ağır cinayətlərlə müşahidə olunması.Toponimin mənşəyi.Molla Cəlilli - məscidi məhəllənin yeganə yadigarı olaraq.Tarixi faktlar ağsaqqal və tarixçilərin gözü ilə.Gəncə adlı salnamə qədim Molla Cəlilli məhəlləsinin keçdiyi tarix yoluna nəzər salacaq.
06.02.2011
İmamlı məhəlləsi
Bu məhəllə Gəncə məhəllələri içərisində tarixinin qədimiliyinə görə seçilir. Əsası 5 –ci imam Məhəmməd Bağırın oğlu İbrahimin zamanında qoyulan İmamlı məhəlləsinin adı ilə bağlı ziddiyyətli məqamlar. Məhəllədə yerləşən 3 hamam və İmamlı məscidinin yer üzündən silinməsi. Ələkbər Tağıyev, Seyyid Həsən Seyyidzadə kimi ziyalılar məhəllənin tanınan simaları olaraq. Boyaqçılar, Şərbaflar və Dulusçular məhəlləsinin tədricən İmamlı daxilində unudulması. Gəncə adlı salnamə qədim İmamlı məhəlləsindən keçəcək.
30.01.2011
Çələbyurd məhəlləsi
Bu məhəllənin də adı və ümumiyyətlə siması mənfur qonşularımız tərəfindən Kilsəkənd məhəlləsi kimi təhrifə uğrayıb. Çələbyurd məhəlləsinin adı ilə bağlı ermənilərin daha bir məkri... Çələbyurd-yoxsa Çelambert. Çələbyurdluların Azərbaycan tarixində tutduqları mövqe. Çələbi nəslinin Gəncədə yeganə nümayəndəsi. Ermənilərin addəyişmə siyasətinin özünü doğrultmaması. “Gəncə adlı salnamə” qədim Çələbyurd məhəlləsinin etnooronimini araşdıracaq.
23.01.2011
Kilsəkəndin tarixi
Bu məhəllə tərkibində cəmləşdirdiyi tarixi tikililərin çoxluğu ilə fərqlənir. Kilsəkənd tarixi abidələr məhəlləsi olaraq, məhəllədə yerləşdirilən ermənilərin inşa etdikləri evlərlə bağlı daha bir məkr.Gəncəbasara köçürülən əcnəbilər içərisində almanlar və slavyanların Kilsəkəndlə əlaqəsi. Kilsəkənd müstəmləkəçi hakimiyyət orqanlarının gözü ilə. Gəncə adlı salnamə qədim Kilsəkənd məhəlləsindən keçəcək.
26.12.2010
Kilsəkən məhəlləsi 1
Bu məhəllə Gəncədə sağ sahil Bayır şəhərin demək olar ki, əsas ərazisini əhatə edirdi. Kilsəkənd məhəlləsinin salınma tarixçəsi. Məhəlləyə köçürülən ermənilərin Şah Abbasla əlaqəsi. Mənfur düşmənlərimizin dəfələrlə ölkəmizə deportasiya edilməsi. Kilsəkənd sakinlərinin məşğuliyyəti. Məhəlləyə yerləşdirilən məkrli qonşularımızın Çar hökuməti tərəfindən himayəsi. “Gəncə adlı salnamə” Kilsəkənd məhəlləsinin keçdiyi tarix yoluna nəzər salacaq.
19.12.2010
Qızıl Hacılı məhəlləsi
Bu basalaq Böyük Bağmanın nisbətən yeni yaranan məhəllələrindəndir. Qızıl Hacılı tayfasının Gəncə və Azərbaycanda təşəkkülü. Məhəllənin adı ilə bağlı ziddiyyətli məqamlar. Məhəllənin yeganə yadigarı olan Qızıl Hacılı məscidi. Qızıl Hacılının Gəncə məhəllələri içərisindəözünəməxsusluğu. “Gəncə adlı salnamə” Qızıl Hacılı məhəlləsinin keçdiyi tarix yoluna nəzər salacaq.
12.12.2010
Gəncənin köhnə Heydər Əliyev prospekti
Bu prospekt qədimiliklə müasirliyin sintezi baxımından Gəncənin ən dəyərli ərazi massivlərindən biridir. Ümumilli liderimizin adını daşıyan prospektin hər bir qarışında Heydər Əliyev izləri. Prospektin Gəncə tarixində özlülüyü. Heydər Əliyev və Gəncə - hər iki böyük qüvvəni bu prospektdə birləşdirən ən mühüm amil. Gəncə adlı salnamə, 12 dekabr saat 19:50-də Gəncənin şah damarı hesab edilən Heydər Əliyev prospektindən keçəcək.
05.12.2010
Səfərabad məhəlləsi
Bu məhəllə Gəncənin nisbətən cavan məhəllələri silsiləsinə daxildir. Səfərabad – Buzxanaçı Səfər kişinin bağ yerləri olaraq. Məhəllənin yeganə yadigarı olan və keçmiş məhəllə qəbiristanlığında yerləşən Hacı Seyyid Bağır ağa Müctəhidzadənin qəbir abidəsi. Sovet hakimiyyəti illərində yerlə-yeksan edilən Səfərabad qəbiristanlığı. Nəsif bəy, Həmid bəy Yusifbəylilər, Çingiz Cuvarlı kimi şəxsiyyətlər Səfərabad məhəlləsinin tanınmış simaları kimi. Məhəllənin Gəncə məhəllələri içərisində tutduğu mövqe. Gəncə adlı salnamə tarixin Səfərabad dəftərini vərəqləyəcək.
28.11.2010
Xəlfəli məhəlləsi
Bu məhəllə Böyük Bağmanın tarixinə görə qədim,tutduğu ərazisinə görə isə ən kiçik məhəlləsidir.Xəlfəli toponimi ilə bağlı üst-üstə düşməyən məqamlar.Xəlfəli – peyğəmbər dövründən qalan Xəlifə titulu,yoxsa,peşə sənət yönümlü ad?Xəlfəlinin Gəncə tarixinə verdiyi ən böyük töhvə - Sarı İmamqulu oğlu Ələkbər və məhəllənin digər sayılıb,seçilən nəsilləri.Gəncədə yeganəliyi ilə seçilən gümbəzsiz Xəlfəli məscidi.Məhəllənin Gəncə məhəllələri içərisində özlülüyü.Gəncə adlı salnamə Xəlfəli məhəlləsinin keçdiyi tarix yoluna nəzər salacaq.
21.11.2010
Böyük Bağman,Qazaxlar məhəlləsi
Bu məhəllə vaxtilə Gəncənin bütün güney bayır hissəsini əhatə edirdi. Böyük Bağman və onun bir zamanlar tərkibində cəmləşdirdiyi Qazaxlar məhəlləsi. Qazaxların Gəncəyə və ölkəmizin digər bölgələrində yayılma prosesləri. Məhəllənin özünəməxsusluğuna çevrilən Qazaxlar məscidi və məscid həyətində dəfn edilən ağsaqqalların kimliyi. Mahrasa yaşayış massivinin etimalogiyası ilə bağlı ziddiyyətli məqamlar. Qazaxlar məhəlləsinin Gəncə məhəllələri içərisində tutduğu mövqe. Gəncə adlı salnamə qədim Böyük Bağman və Qazaxlar məhəlləsinin keçdiyi tarix yoluna nəzər salacaq.
14.11.2010
Qırıqlı məhəlləsi
Bu məhəllə Bağmanlar ərazi massivində xüsusi çəkiyə malikdir. Qızılbaşların Əfşar tayfasının Qırıxlı qoluna mənsub olan eyniadlı məhəllənin adı ilə bağlı söylənən fikirlər. Qırıxlıların Azərbaycan və dünya çapında yayılma prosesi. Seyyid Mir Məsim ağa, Hacı Qasım, Hacı Mehdi və digər ağsaqqalların məhəllənin mənəvi həyatında oynadıqları rol. Qırıqlı məscidinin inşası ilə bağlı ziddiyyətli məqamlar. Gəncə adlı salnamə qədim Qırıxlı məhəlləsinin etnooronimini araşdıracaq.
07.11.2010
Əttarlar məhəlləsi
Bu məhəllə Gəncənin ticarət məhəlləsi adlandırılır. Əttarlar – ət, yoxsa ətriyyat satanlar məhəlləsi. Məhəllənin özlüyünə çevrilən Yelizavetskaya, hazırki Cavad xan küçəsi. Məhəllənin sayılıb, seçilən insanları. Əttarların Gəncə məhəllələri içərisində tutduğu mövqe. Gəncə adlı salnamə qədim Əttarlar məhəlləsinin keçdiyi tarix yoluna nəzər salacaq.
31.10.2010
Bala Bağman məhəlləsi
Bu məhəllə Gəncənin təsərrüfat məhəlləsi adlandırılır. Bala Bağman məhəlləsinin Gəncə məhəllələri içərisində tutduğu mövqe. Məhəllənin rəmzinə çevrilən Bala Bağman məscidi ilə bağlı ziddiyyətli məqamlar. Bala Bağman yoxsa Mirzə Kərim məscidi. Təməlini Bala Bağmandan götürən Hacı Mir Qasım kəhrizinin qeyri-adi yaranma tarixcəsi. Məhəllənin qədimliyini sübut edən mənbələr. Gəncə adlı salnamə qədim Bala Bağman məhəlləsinin keçdiyi tarix yoluna nəzər salacaq.
24.10.2010
Zərrabi məhəlləsi
Xasməmmədovlar,Səfikürdskilər,Əmirovlar,Rəfibəylilər diyarı – qədim Zərrabi məhəlləsi.Zərrabi sözünün etimologiyası-pulkəsənlər,yoxsa sadəcə zərgərlər düşəgəsi.Məhəllənin özünəməxsusluğuna çevrilən 2 günbəzli Zərrabi məscidi.Məhəlləni digərlərindən fərqləndirən ən mühüm amil – Zərrabi – elm,mədəniyyət,ziyalılar ocağı olaraq.Gəncə adlı salnamə qədim Zərrabi məhəlləsinə səyahət edəcək.
17.10.2010
Şahsevənlər məhəlləsi
Gəncə məhəllələri içərisində bu məhəllə öz sakinlərinin mərliyi ilə seçilir.Şahsevənlər məhəlləsinin adıyla bağlı ziddiyyətli məqamlar.Şahsevənlər tayfasının mənşəyi.Məhəllənin sayılıb,seçilən insanları.Məhəllənin rəmzinə çevrilən Şahsevən məscidi.Məhəllədə dünən və bu günün vəhdəti.Gəncə adlı salnamə qədim Şahsevənlər məhəlləsinə səyahət edəcək.
10.10.2010
Ozan məhəlləsi
Tarixilik prinsiplərini özündə yaşadan qədim Ozan məhəlləsi. Məhəlləni digərlərindən fərqləndirən ən mühüm amil. Məhəllənin rəmzinə çevrilən Səbiskar qəbiristanlığı və digər tarixi abidələr. Diri-diri yandırılan insanların fəryadına şahidlik edən Ozan məscidi. Ozanın Gəncə və ölkə tarixinə verdiyi ən böyük töhfə- Ozan məhəlləsi ziyalılar ocağı kimi. Məhəllənin Gəncə tarixində tutduğu mövqe. “Gəncə adlı salnamə” qədim Ozan məhəlləsinə səyahət edəcək.
03.10.2010
Sofulu məhəlləsi
Gəncə məhəllələsir içərisində bu məhəllənin adı ayrıca hallanır.Sofulu məhəlləsinin yerləşdiyi ərazi və adının mənşəyi ilə bağlı ziddiyətli məqamlar.Məhəllənin sayılıb,seçilən insanları.Sofulu-tarixi abidələr məhəlləsi olaraq.Sofulunun digər məhəllələr içərisində özülülüyü.Gəncə adlı salnamə qədim Sofulu məhəlləsinin keçdiyi tarix yoluna nəzər salacaq.
19.09.2010 / 26.09.2010
Qədim Şah Abbas meydanı
Gəncə deyiləndə bu meydan xatırlanır... Qocaman şəhərin yeni Gəncəsinin mərkəzi... Əsrlərin məşəqqətindən üzüağçıxan qədim Şah Abbas, indiki Heydər Əliyev meydanının dünəni... Meydanı ağuşuna alan qədim çinarlar... Şəhərin rəmzinə çevrilən şah Abbas məscidi... Meydanın Gəncə tarixində tutduğu məxsusi yer... Gəncə adlı salnamə Gəncənin baş meydanının keçmişinə səyahət edəcək.
12.09.2010
Gəncə məhəllələri
Əhalinin maddi, mənəvi və ictimai həyatında Gəncə məhəllələrinin tutduğu mövqe, onların məhəllələrarası münasibətləri....Yaşayış tərzinə görə fərqlənən hər bir məhəllənin özünəməxsusluğu...Məhəllələrin tarixi, yaranma prosesi və zamanla yer üzündən silinməsi... “Gəncə adlı salnamə” Gəncə məhəllələrinin keçdiyi tarix yoluna nəzər salacaq.
05.09.2010
Gəncənin tarixi, keçmişi
Gəncənin tarixini bilmək, qədim mədəniyyət beşiyi kimi özlülüyünü dərk etmək hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir.Qocaman şəhərin yaşı,adının mənşəyinin haradan qaynaqlanması,qəhrəmanlıq şəhəri kimi dillərə səs salması,musiqisi ilə dünyanı riqqətə gətirməsi,Nizamidən aldığı vəhy ilə ədəbi mühitinin formalaşması habelə,ümummilli lider Heydər Əliyevin görmək istədiyi bəzi məqamların hazırda özünü doğrultması şəhərin şəhər kimi formalaşmasının ümdə göstərcisidir.

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player