XIX əsrin ortalarında Gədəbəydə filiz hasilatı və emalı ilə məşğul olan Almaniyanın “Siemens qardaşları” firmasının payına Çar Rusiyasında əridilən misin dörddə bir hissəsi düşürdü. XIX əsrdə misin xüsusi vaqonlarla daşınması üçün almanlar rayon ərazisində körpü də tikiblər. Gədəbəydə Siemenslərdən qalan qədim tikililər, əşyalar və evlərin qorunması məsələsi gündəmdədir.
XIX əsrin ortalarında Almaniyanın “Siemens qardaşları” firması Gədəbəydə mis emalı ilə məşğul olub və bunun üçün nəhəng zavodlar inşa etdiriblər. Həmin dövrdə burada çalışan yerli və alman mütəxəssislər üçün yaxşı iş şəraiti ilə yanaşı, onların mədəni istirahəti də diqqət mərkəzində olub. Gədəbəy sakini Ranzaxan Nəbiyevin babası 1890-cı ildə misəritmə zavodunda fəaliyyət göstərib. Qabaqçıl işçilərdən olduğu üçün o zaman Siemens qardaşları tərəfindən cib saatı ilə mükafatlandırılıb. Həmin cib saatı indi də Ranzaxan Nəbiyevin evində ən qiymətli əşyalardan biridir.
Ranzaxan Nəbiyev - kənd sakini: “Mənim baba Türkiyə vətəndaşı olub. Dəvət ediblər gəlib, burda mis zavodunda işləyib. 1890- cı il sentyabrın 27- də Siemens qardaşları belə bir saatı mənim babama bağışlayıb. Tək mənim babama yox, bir çox qabaqcıl işçilərə verilib”.
Siemens qardaşları 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 32 km olan Gədəbəy-Qalakənd arasında dəmiryolu çəkiblər. Bu dəmiryolunda 4 lokomotiv, 33 vaqon hərəkət edib. Almanlar sənaye üsullu dəmir yolu dövründə dünyanı heyran qoya biləcək elektrikləşmə sistemi də yaradıblar. Bu gün də həmin yol ilə bağlı salınmış körpülər tarixi abidə kimi qalmaqdadır.
Etibar Əliyev - Gədəbəy rayon Mədəniyyət və Turizm şöbəsinin əməkdaşı: “Dəmiryolunun keçdiyi ərazi coğrafi mövqeyinə uyğun olaraq körpülər, körpücüklər, akveduklar və kanallar üzərindən çəkilib. Burda hal –hazırda o dövrdə tikilən körpülərin 30-a qədəri qalmaqdadır. O körpülər müxtəlif tağlardan ibarətdir. Orda 1 tağlı körpüdən tutmuş, 12-13 tağlı körpülər var”.
Hündürlüyü 1,8 metr, eni 90 santimetr olan, ətrafı qiymətli qoz ağacından işlənən o zaman Almaniyadan gətirilən güzgü də Siemens qardaşlarının tarixi yadigarı kimi qorunub saxlanılır. Qeyd edək ki, Gədəbəy rayon Mədəniyyət və Turizm şöbəsi və Almaniyanın Yade Universitetinin birgə əməkdaşlığı ilə “Siemens abidələri əsasında geoinformasiya sisteminin yaradılması” adlı xüsusi layihə hazırlanıb. Layihədə həmin tarixi tikililərin görkəmini saxlamaqla rekonstruksiyasını nəzərdə tutur.
Nəzakət Məşədiəliqızı