Heç şübhəsiz, son iki ayda ölkənin ictimai həyatını ən çox məşğul edən məsələlərdən biri də yazıçı Rafiq Tağıya qarşı törədilən sui-qəsd və bundan sonra başlanan müzakirələrdir.
Bir Allah şahiddir ki, onun bıçaqlanması və ölümü barədə xəbərləri eşidəndə nə qədər üzülmüşdüm. Bu cinayətin arxasında dayananlar və onlara rəvac verənlərə qarşı içimdə necə bir qəzəb hissi baş qaldırmışdı. Bəlkə də, elə Rafiq Tağının İslam dinini aşağılayan yazılarına üzüldüyüm, Peyğəmbərimiz haqda həqarət dolu ifədələrinə hiddətləndiyim qədər. Çünki, bizim inandığımız dəyərlər bu cür düşünməyi və yanaşmağı tələb edir.
Bəli, biz hansısa günahkar bəndənin başqa birinin günahını cəzalandırmasının tərəfdarı deyilik. Əminəm ki, Rafiq Tağı və bu gün onun başlatdığı ənənəni davam etdirənlərin böyük ikrah hissi ilə baxdıqları İslam dininə könül verənlərin hamısı belə düşünür. Dünyaya tolerantlıq dərsi keçmək iddiasında olanlarsa, yüz milyonların dinini, inandığı ən müqəddəs dəyərləri aşağılamaqdan çəkinmir. Bunlar o kəslərdir ki, həm də çox vaxt insanlara bütün inanclara hörmətlə yanaşmağın zərurətindən danışırlar. Əlində düzəltdiyi yöndəmsiz oyuncağa, divara çəkdiyi cızmaqara şəkilə, inəyə və ya hansısa digər aciz məxluqa sitayiş edənlərə belə anlayışlı və dözümlü yanaşmağın gərəkliliyindən mühazirələr oxuyurlar. İndi isə...
Səbəb olan, edən kimidir deyirlər. Nə yazıq ki, Rafiq Tağı təkcə qoyub getdiyi mübahisəli məqalələrinə görə yox, həm də bu gün guya onun fikirlərinin müdafiəsi üçün bir araya gələnlərin inanc sahiblərinə qarşı başlatdığı daha amansız hücumlara görə məsuldur və ya olacaq.
Məhz bu kəslərdir ki, hazırladıqları bəyanatın ilk cümləsini “İslam terroru” kimi sərsəm və savadsız bir ifadə ilə başlayırlar. Bu zavallılar bilmirlər ki, terror nəinki hansısa səmavi dinin, hətta insan fikrinin məhsulu olan bir etiqad sistemin belə tərkib hissəsi ola bilməz. Çünki, din hər şeydən əvvəl insan üçün bir kamillik axtarışının, nümunəvi və əxlaqlı yaşayış modelinin məcmusudur. Bu cür düşünən və yaşayansa heç vaxt kiminsə haqqına, hüquqlarına təcavüz etməz. “Bir insanı öldürən bütün bəşərriyyəti öldürmüş kimidir” - deyən, İslam dini belə amansızlıqlara heç vaxt bəraət qazandırmaz. Bu dini sözün əsl mənasında qavrayandan kamikadze olmaz. Çünki, İslam insanın öz həyatına qəsd etməsini ən böyük günahlardan sayır. Bir sözlə, terrorçu, kamikadze qətiyyən müsəlman deyil. Harda yaşamasından və nəyə inanmasından asılı olmayaraq. O cür təşkilatları yaradan və istifadə edənlərin əsl məqsədi isə açıqlama və bəyanatlardan aydın görünür.
Terror anlayışının qərbdən gəldiyini yaddan çıxaranlar, bu amansızlığı sevgi və ünsiyyət dini olan İslama yamamağa çalışanlar unudurlar ki, “İslamçı terror təşkilatlı”, “radikal silahlı müsəlman qruplaşması” kimi uydurma anlayışlar sırf iyrənc və məkrli bir siyasi yanaşmanın məhsuludur. Çünki, terrorçunun dini və milliyyəti olmur. Qərbdə, daha konkret desək İspaniya, Norveç, İrlandiya və İtaliya kimi ənənəvi xristianların çoxluq təşkil etdiyi ölkələrdə baş verən terror hadisələri onları inandığı dinin ayağına yazılmadığı kimi, müsəlmanların daha çox yaşadıqları ölkələrdə (müsəlman ölkələrinin yox) baş verən silahlı qarşıdurmalar da İslam dininə yamanmamalıdır.
Təbii ki, burada öz məkrli siyasi əməllərini İslamın nurlu pərdəsi ilə örtməyə çalışan İran kimi “İslam ölkələrinin” sərgilədiyi üzdəniraq nümunələrə, onların dinimizə “xidmətində” də toxunmaq lazımdır. Ən azı ona görə ki, Rafiq Tağı və onun ənənəsinin davamçıları İslam dini haqqındakı amansız tənqidlərini məhz İran nümunəsindən gördükləri misallarla əsasladırırlar.
O, da bir gerçəkdir ki, bu dinə hücumlar bu və ya başqa formada tarixən hər zaman olub. Ancaq, yel qayadan nə aparar? İslam bu gün də öz pak mahiyyətini, araşdırmaq istəyənlərçün sağlam mənbələrini qoruyub saxlayır. Bu din elə indiyədək olduğu kimi bundan sonrakı hücumlardan da sağlam çıxacaq. Öz təmiz mahiyyətindən heç nə itirməyəcək.
Rafiq Tağıdan sonra da.
Elə Rafiq Tağıdan öncə olduğu kimi.
Maraqlı vurqulamısınız 2 il
Maraqlı vurqulamısınız 2 il əvvəl asura zamanı İmamzadədə bir nəfər aşura haqda danısanda Rafiq Tağını dəfələrlə lənətlədikdən sonra qışqırdı Rafiq Tağıya ölüm Rafiq Tağıya ölüm camaatda bir ağızdan təkrarlamağa başladı. Bu zaman yanımda qisqiran gəncdən soruşdum Rafiq Tağı kimdir ki onun cavabı belə oldu nə bilim. Sonradan öyrəndim ki Rafiq Tağı ondan ay yarım əvvəl dinimizi təhqir edən yazı yazıbmış. İndi siz deyin allaha şərik çıxaraq kimisə hansısa günahkar bəndəni cəzalandırmaq istəyənlər dinizimin təhqir olunmasının qarsısını onu öldürmekle ala bildilermi. Yox əksinə Rafiq Tağılarin sayının artmasına səbəb oldular. Bu düşmən dəyirmanına su tökmək deyildə bes nədir Lütfən şərhi yerləşdirin