« Geri
Mətn ölçüsü:  

Gəncənin Mərkəzi Bazarı yaxınlığındakı bu dükanın qarşısı mis əşyalar sərgisini xatırladır. Üst-üstə yığılmış irili-xırdalı mis qazanlar, yerdən düzülmüş mis ləyənlər və bu ləyənlərin içərisindəki sovet dövrünün xeyli dəmir pulları, müxtəlif cür güldanlar, samovarlar, qəhvədanlar, divar boyunca düzülmüş məcməyilər... Kənardan baxan burada dəmirçi emalatxanasının olduğunu zənn edər.

Dükanın içərisi də bir başqa aləmdir. Səliqə ilə rəflərə yığılmış şüşə materiallardan hazırlanan müxtəlif güldanlar, insan və heyvan fiqurları, bəzək suvenirləri, qəlyanlar, gülabdanlar, çay dəstləri öz qeyri-adi görkəmləri ilə fərqlənir. Divardakı rəsm tabloları, xəncərlər, metal üzərində döymə üsulu ilə hazırlanan (çekanka) şəkillər xüsusi maraq doğurur. Rəflərə bərkidilən qadın bəzək əşyaları da (gümüş kəmərlər, üzbəndlər) gözəllik yaradıb.

Hələ üstü toz basmış kəlağayılar, şamdanlar, əldə toxunan xurcunlar, kənardan bir küncə yığılan köhnə xalçalar, iri küpələr insanı sanki köhnə zamana aparır. O aləmə ki, orada hər şey öz fərdi gözəlliyi və sirli tarixi ilə seçilir.

Mağazanın sahibi Mehman Zeynalov öncə bizi alıcı bilib, hansı əşya ilə maraqlandığımızı soruşdu. Biz gəlişimizin məqsədini ona izah etdikdən sonra, bizi xüsusi hörmətlə içəri dəvət edərək, əyləşmək üçün yer göstərdi.

Artıq 20 ildir antikvar əşyaların satıcısı işləyən Mehman deyir ki, əvvəllər belə şeylərə maraq göstərənlər, xüsusi kolleksionerlər vardı, lakin təəssüf ki, indi belələrinin sayı çox azdır, demək olar ki, yoxdur.

Son illər bu tarixi nümunələrə marağın azalması sözsüz ki, onların alverini də azaldıb.

“Elə olur bir neçə gün ərzində alverimiz heç olmur. Gəlib, köhnə məcməyilərin, mis qazanların qiymətini soruşub, gedirlər. Maraqlananlar da yaşlı qadınlardır, hansı ki, belə şeylərin nə qədər dəyərli mal olduğunu bilir. Lakin qiymət onları qane etmədiyindən, aşağı salmaq üçün bir az bazarlıq edib gedirlər. Axı mən də onları ucuza almamışam. Həmin malları bizim özümüzə satmağa gətirən müştərilər onları heç də aşağı qiymətə vermirlər. Biz də məcburuq həmin malın üstünə az qazanc qoyaq”-deyən Mehman bu əşyaları tamam başqa məqsədlər üçün almaq istəyənlərin olduğunu da dedi.

O, deyir ki, bu köhnə mis kasaları, qazanları ucuz qiymətə alıb, əridib tərkibinə başqa metallar qataraq xammal kimi ayrı yerlərə satan xüsusi adamlar var. Belələrinin məqsədini qabaqcadan anlayan müsahib, onlara heç bir mal satmadığını deyir. Əksinə, bu nümunələrə dəyər verib almaq istəyən, (özünün dediyi kimi- vətənpərvər) lakin imkanı aşağı olan insanlara, komisyon sahibi bu əşyaları hədiyyə verməkdən belə çəkinmir.

Mehman deyir ki, indi bir az yaxşı satılan Hindistan gülabdanlarıdır:

“Onları da daha çox cümə axşamlarında alırlar. Qəbrlərin üstünə gülab tökmək üçün. Bu qablar hindlilərdə şərab qabı kimi istifadə olunub. Bizdə isə gülab qabı”.

Mehman deyir ki, mis qazanların işlək olduğu zamanlarda qalayçılar vardı ki, həmin qazanları qalaylayırdılar. Indi belə qazanlar istifadədən düşdüyündən həmin sənətkarlarlıq sahəsi də demək olar ki, sıradan çıxıb.

Mehman onun özünün mağazasındakı köhnə milli nümunələrdən olan mis kasaların, məcməyilərin, qəhvədanların, saxsı küpələrin, su səhənglərinin, süd qabı kimi istifadə olunan sərnişlərin, köhnə Gəncə xalçalarının, kilimlərin, qadın örpəyi olan kəlağayıların əksəriyyətinin məişətimizdə işlənən və öz sənətkarlarımız tərəfindən hazırlanmış milli əşyalarımız olduğunu qeyd edir. Amma burada digər ölkələrdə hazırlanmış nümunələr də var.

O, həmçinin bildirdi ki, bu köhnə nümunələri dükana satmağa gətirənlər əsasən ziyalı adamlardır. Vaxtı ilə yaxınlarına, övladlarına alıb saxladıqları və ya öz analarından, nənələrindən yadigar qalan bu əşyaları, imkansızlıq üzündən satmağa gətirən həmin insanlar, onları böyük ürək ağrısı ilə dükanlara təklif edirlər.

Mehman deyir ki, bəzi köhnə milli qabları (saxsı və mis kasaları, qazanları, məcməyiləri, su səhəngləri, xurcunları, kiçik kilimləri) onlardan daha çox restoran və kafe sahibləri alır. Bu əşyalarla onlar adı çəkilən məkanların qədimi üslubda dizaynını hazırlayırlar. Satıcı vurğuladı ki, restoran otaqlarına xüsusi görkəm verən həmin əşyalar, indiki vaxtda ən yaxşı dekorasiya vasitələri sayılır. Gələn müştərilərin özlərini köhnə adətlərin, milliliyin qorunub saxlandığı yerdə hiss etməsi onların əhvalına xüsusi rəng qatır.

Adətən xarici qonaqları daha çox belə restoranlara aparan həmyerlilərimiz onlara milli mədəniyyətimizi, tarixi keçmişimizi nümayiş etdirməyə çalışırlar. Ancaq özümüzün bu milli nümunələrə dəyər verib vermədiyimizi bilirikmi?

Xarici iş adamlarının və ya gəzməyə gələn turistlərin bu nümunələrə nə dərəcədə maraq göstərmələri barədə Mehmandan maraqlandıqda, satıcı dedi ki, dövlət gömrük idarəsindən belə əşyaların xaricə çıxarılmasına icazə verilmir. Çünki, bunlar dövlətin milli sərvəti sayılır. Ona görə də turistlər əsasən Gəncəyə aid maraqlı suvenirlər alır və yalnız başqa dövlətlərin adət-ənənəsini əks etdirən köhnə əşyaları apara bilirlər.

Hazırda Gəncədə 4 belə komisyon mağazanın fəaliyyət göstərdiyini deyən Mehman bu dükanların hər birində özünəməxsusluğu ilə seçilən xeyli köhnə əşyaların olduğunu bizim diqqətimizə çatdırdı.

Digər komisyon mağazanın satıcısı Əkbər Zeynalov isə deyir ki, onların dükanında köhnə əşyaların satışı ümumiyyətlə çox zəifdir. Burada əntik əşyalar satmaqla yanaşı, filmləri diskdə kirayə verir, müxtəlif dini əşyalar satmaq və komyuter xidmətləri göstərirlər.

Əkbər deyir ki, çox zaman öz köhnə cehizlik əşyalarını satmağa gətirən analar, bunların əvəzinə qızlarına yeni, müasir cehizlik əşyalar alırlar.

“Indiki qızlar belə çeyləri bəyənmir, hamısı keyfiyyətsiz “Kitay malları”nı almağa maraqlıdırlar. Amma anaları öz cehizlik qablarını satanda çox təəssüflənirlər. Çünki bu onlara öz analarından xatirə qalıb”.

Hələ köhnə kəlağayıların onların dükanında çoxluq təşkil etdiyi ilk göz gəzdirmədə məlum olur. Üst-üstə asılan rəngbərəng kəlağayılar satıcı Əkbərin də dediyi kimi, gözdən düşüb. O, deyir ki, bunlarla ümumiyyətlə maraqlanan yoxdur, yenə hərdən gəlib qab-qaşıq soruşan olur.

Sonra Əkbər bizə onun dükanında foto-çəkilişlər etmək üçün şərait yaratdı. Elə bu vaxt rəngi saralmış, qalaq-qalaq yığılıb qalan iri kağız parçaları diqqətimizi cəlb etdi. Bu 1923-cü illərə aid olan “Maarif və Mədəniyyət” qəzeti idi.

Daha bir əntik əşya komisyoncusu Leyla xanım əvvəlki dükanların satıcılarına nisbətən nikbin görünürdü. O, deyir ki, onun mağasında alver nisbətən yaxşıdır. Ondan daha çox üzərində əl işləmələri olan qablar, gümüşdən olan məişət əşyaları istənilir.

Həmçinin bir dəfə saxsı və mis qabları ondan uşaq bağçasında milli adətlərimizi əks etdirən guşə yaratmaq üçün alıblar.

Buradakı məcməyilərin icərisinə milli ornametlərlə bəzək salan sənətkarlar, onun üzərinə öz adlarını və düzəltdikləri tarixi yazmağı da unutmayıblar.

31 yanvar, 2012 - 11:48

Şərh

Содержание этого поля является приватным и не предназначено к показу.
  • Адреса страниц и электронной почты автоматически преобразуются в ссылки.
  • You can use BBCode tags in the text.
  • Строки и параграфы переносятся автоматически.
  • Image links with 'rel="lightbox"' in the <a> tag will appear in a Lightbox when clicked on.
  • Image links from G2 are formatted for use with Lightbox2
  • Image links with 'rel="lightshow"' in the <a> tag will appear in a Lightbox slideshow when clicked on.
  • Links to HTML content with 'rel="lightframe"' in the <a> tag will appear in a Lightbox when clicked on.
  • Links to video content with 'rel="lightvideo"' in the <a> tag will appear in a Lightbox when clicked on.
  • Links to inline or modal content with 'rel="lightmodal"' in the <a> tag will appear in a Lightbox when clicked on.

Подробнее о форматировании текста

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player