« Geri
Mətn ölçüsü:  

Dəyərli it cinslərinin yetiişdirilməsi – kinologiya ilə məşgul olanları barmaqla saymaq olar.
Şəhərdən bir qədər kənarda yerləşən bu ərazi ilk baxışdan xarabalığı xatırladır. Nizamsız hasarların arasından içəriyə giriş qapısının olmaması, dörd tərəfdəki pərakəndə torpaq təpəcikləri bu məkanın yaşayışa çətin ki, əl verəyəcəyini deyir. Yaxınlaşmaq istəyəndə, səni ilk qarşılayan buraların əsl keşikçisi- hürən köpək olur. O çağırılmayan qonaqların üstünə səsini qaldırmaqla sanki buranın sahibsiz olmadığını və etibarlı qorunduğunu onlara sübut etməyə çalışır.

Amma o, heç də tək deyil. Bir qədər də yaxınlaşdıqda içəridə zəncirlə və zəncirsiz çoxlu sayda müxtəlif itin olduğu aydın görünür. Onlar da yad həniri hiss edən kimi, buranın aqressiv görünən ab-havasını artırmağa girişirlər. Amma bu hal, yaxşı ki, müvəqqəti oldu...

Bura müxtəlif növ itlərin saxlandığı, sayının artırıldığı və xüsusi təlim görüldüyü yer, gəncəli kinoloq Nemət Əliyevin sahəsidir. O, burada 20-dən çox müxtəlif cinsli it saxlayır. Uşaqlıqdan özünün bir gəşəng itinin olmasını arzuladığını deyən Nemət, bu işə də gənclik dövründə ilk aldığı alman itinin nəslinin artması nəticəsində gəldiyini deyir.

Arzum “nemes ovçarka”sı saxlamaq olub

“Uşaqlıqdan arzum o idi ki, bir alman köpəyim olsun və mən onu öz bildiyim kimi əhliləşdirim, bütün əmrlərimə tabe olsun, güclü olsun. Evdə isə valideynlərim it saxlamağa qadağa qoymuşdular. Sonra işlədim, özümün şəxsi evim, qazancım oldu. Və bu qazancımla arzumu həyata keçirmək üçün xeyli pula- 2 min sovet manatına bir alman köpəyi aldım və itə düz 3 il təlim keçdim. Ona öz dilimizdə əmrlərə tabe olmağı öyrətdim. Sonra həmin it Bakıda keçirilən yarışmada 1-ci yer tutdu.” –deyə, Nemət Əliyev bu şakərinin tarixçəsini danışdı.

Ixtisasca mühəndis-texnoloq olduğunu və 14 il Gəncənin Xalça Kombinatında fəhlə, baş mexanik, sex rəisi kimi çalışdığını deyən Nemət Əliyev həmin vaxtlardan it saxlamağın onun əsas hobbisi olduğunu bildirdi.

Gəncədə niyə kinoloq yoxdur?

“ “Kinologiya” latınca itlərdən bəhs edən elmdir. Ancaq təssüf ki, bizim qərb bölgəsində bu işə meyl göstərən yoxdur. Çünki çoxları bunu gəlirsiz sahə bilir”-deyə, N.Əliyev Gəncəbasarda ondan başqa bu işlə məşğul olanı tanımadığını bildirdi.

Müsahib deyir ki, Azərbaycanda kinoloqlar təkcə Bakıdadır. Çünki onlar ordu quruculuğunda, gömrük və polis əməliyyatlarında bu itlərlə xüsusi məşğul olurlar. Belə itlərdən narkotik maddələrin , partlayıcı materialları və cinayətkarların axtarışında, müvafiq strateji obyektlərin qorunmasında geniş istifadə olunur.

Kinologiya elminin incəliklərini bilməyin vacib olduğunu söyləyən Nemət müəllim bu sahəyə sevgi ilə yanaşmağın zəruriliyini xüsusi qeyd etdi.

“Kinoloq olmaq üçün əvvəla, gərək iti sevəsən, onunla dost olasan. Hər bir itin individual xarakteri var. Heç biri bir-birinin hərəkətlərini təkrar etmir. Onların ayrılıqda psixikasına bələd olmaq lazımdır”- deyə, müsahib kinologiya elminin nəzəriyyəsini bilməyin mütləq olduğunu da vurğuladı.

Itlər də insanlar kimi...

Itlərin əsasən 4 qrupa -dekorativ, ov, keşik və xidməti məqsədlərə müvafiq bölündüyünü deyən mütəxəssis bu qrupların da özlərinin bir çox növlərə ayrıldığını bildirdi.

“İtlərin gələcəkdə nəyə qadir olacaqlarını bu testlər vasitəsilə qabaqcadan bilmək olur. Bəzən heç nəyə yararlı olmayan itləri biz elə küçük ikən məhv edirik. Çünki onlardan törəyən nəsil də özləri kimi yararsız olur”-deyə, o, bildirir.

Mütəxəssis itlərin də insanlara aid edilən xolerik, sanqvinik, melanxolik və fleqmatik kimi psixoloji quruluşa malik olduqlarını da söyləyir.

“Xolerik olanlar çətin tərbiyə olunur, lakin öyrəndiklərini ömürlük yadda saxlayırlar. Belə itləri gərək özünə ram etməyi bacarasan. Ümumiyyətlə itlərlə yaxşı dost olmaq lazımdır. Yaxşı köpək insanı özünə ağa bilir və hər an sahibinin yolunda ölümə hazırdır”-deyə müsahib qeyd etdi.

Köpək alarkən insanların onları öz xasiyyətlərinə uyğun seçmələrini məsləhət görən Nemət müəllim, itlərin bəzi xüsusiyyətlərindən də danışdı. O, bildirdi ki, Doberman itləri anadangəlmə xolerikdirlər:

“Onlarda güclü enerji, dinamiklik var. Sahibindən ona zaman ayırmasını, gəzdirməsini, onunla oynamasını tələb edir. Əks təqdirdə, o, səs-küyü ilə evdəkiləri rahat buraxmır. Əksinə, ağır təbiətli, xüsusilə dövlət qulluğunda çalışan adamlar isə Rotveller almalıdır. Bu itlər bütün gün yeyib yatırlar, ancaq sahibinə çox sadiqdirlər”.

Nemət müəllim hamının “ovçarka” kimi tanıdığı alman ov köpəyinin də xüsusiyyətlərindən danışdı və bildirdi ki, bu köpəyin digər cinslərə nisbətən üstünlükləri çoxdur. Belə ki, bunlardan həm kor insanları gəzdirmək, qaz borularını mühafizə etmək işlərində, hətta yerin 7 metr dərinliyindən filiz yatağının aşkar olunmasında, narkotik maddələrin, silah-sursat, minaların, cinayətkarların axtarışı və hər hansı obyektin qorunması üçün istifadə olunur.

Azərbaycanda it yeməkləri çox bahadır

Nemət müəllim indiki zamanda it saxlayan şəxslərin daha çox imkanlı təbəqədən olduğunu bildirdi. Çünki xüsusi cinsdən olan bu köpəklərə qulluq da xüsusi olmalıdır.

“Onlara gündəlik verilən yeməyin özü bizdə çox baha qiymətə satılır. Ancaq Avropa dövlətlərində heyvan yeməkləri çox ucuzdur. Heyif ki, belə qidalar respublikamızın özündə istehsal olunmur”-deyə, o, it yemləri , eləcə də köpəklərə vurulan peyvəndləri almaq üçün çox vaxt qonşu Gürcüstan respublikasına üz tutduğunu da bildirdi.

Nemət müəllim əslində hər itin cinsinə, gücünə görə öz yemək növü olduğunu da qeyd etdi. Belə ki, bu yeməklərin bəziləri protein, digərləri vitamin və başqa lazımi maddələrlə zənginləşdirilir.

“Bütün itlərin ulu babası canavar olub. Ona görə, onlar sağlam çiy ət yesələr, daha yaxşı olardı. Ancaq indi ucuza satılan ətlər ya xəstə, ya da ölmüş heyvanların ətidir”- deyə, o, bildirdi.

It cinsləri məhv olur

Müsahib deyir ki, itlərin nəsil artımında da xüsusi dəmir qaydalar mövcuddur. Belə ki, dünya dövlətlərində itlərin çarpazlaşdırılması “mayo” sistemi (cinsləri yalnız öz uzaq qohumları ilə çarpazlaşdırma yolu ) ilə aparılır.

“Amma yaxşı nəsil ilə qan dəyişmək mütləq lazımdır. Əfsuslar olsun ki, bizdə buna riayət olunmur. Itlər çox vaxt öz ailə üzvləri ilə cütləşdirirlər və beləliklə cins məhv olub gedir”-deyə, o, bildirdi. Müsahibimiz həmçinin bizdə heyvanlar üçün baytar xidmətinin də normal göstərilmədiyinə təəssüflənərək qeyd etdi ki, itlər üçün xüsusi klinikalar olmadır və burada onlar vaxtlı-vaxtında peyvənd olunmalı, müxtəlif laborator analizlərdən, rentgen müayinələrdən keçməlidirlər.

It döyüşünü qumara çeviriblər

Bəzilərinin xüsusi həvəs göstərdiyi it döyüşü oyununa gəlincə, Nemət müəllim bu oyunların qaydalara yaxın tərzdə daha çox Gürcüstanda keçirildiyini, Bakıda da kortəbii mövcud olduğunu, Gəncədə isə buna marağın təzə-təzə formalaşmağa başladığını qeyd etdi.

“Bu da necə deyərlər, bir idman növüdür, ancaq onu qumara çevirmək olmaz. Oyun zamanı bəziləri öz köpəyinin üstünə zəhərli dərman vurur, bəziləri də onların gücünü artırmaq üçün dopinq iynələrdən istifadə edirlər. Bu, əlbəttə düzgün deyil. Güclülüyə gəlincə, bizim Qafqaz itlərinin qabağında heç bir it dayana bilməz”-deyə, o, əminliklə bildirdi.

Qafqaz qurdbasan itləri Azərbaycana məxsusdur

Almanların, ingilislərin, fransızların, şotlandların, çinlilərin, hətta gürcülərin də özlərinin dünyada təsdiq etdirdikləri müxtəlif it cinsləri olduğunu deyən Nemət, bütün itlərdən güclü olan qafqaz qurdbasan köpəyinin əslində Azərbaycana məxsus olduğunu, sonradan maldarlıq təsərrüfatları böyüdükcə, digər qonşu ərazilərə də yayıldığını söyləyir:

“Hamısı bizim itlərdir. Avropanın hər bir yerində bizim, qafqaz “ovçarka”ları var. Gurculər də, ermənilər də onu özününkü hesab edirlər. Ancaq mən özüm o zaman DOSAAF-ın Bakıda itlərə təlim keçilən mərkəzində kinoloq kimi çalışan Ludmila Petrovna adlı rus qadınının öz çıxışında bu it cinsinin Azərbaycana məxsus olduğunu tutarlı dəlillərlə sübut etdiyinin şahidiyəm. İndi bu məsələni yenidən ortaya çıxarmaq lazımdır. ”

Nemət müəllim özü Rusiyada olarkən orada həmin qafqaz “volkodav”larının ən gözəl cinslərini gördüyündən və onların Rusiyaya necə gəlib-çıxdığından da söhbət açdı:

“Orda tanıdığım adamlar var, hansı ki, onlar hələ 60-cı illərdən Laçından, Şuşadan, Şəmkirdən, Gədəbəydən, dağlıq rayonlarımızdan gəlib bu itləri aparıblar. Azərbaycanı məndən yaxşı tanıyırlar. Bəziləri adlarını sadaladığım yerlərdən itləri necə əldə etdiklərini mənə danışıblar. Onlar Rusiyada bu itləri yaxşı bəsləyir və müxtəlif millətlərin nümayəndələrinə, o cümlədən bizə çox baha qiymətə satırlar, üstəlik, əslində öz itlərimizi bizə satmaları üçün onlara yalvarırıq. Necə ki, vaxtı ilə milli musiqi alətlərimizin, eləcə də bu itlərin qədrini bilməmişik”.

Bunun əksi olaraq, Türkiyədə “Sivas qanqalı” adlı köpək cinslərinin milli sərvət kimi qorunduğunu və onları ölkədən çıxarmağa icazə vermədiklərini bildirdi.

“Bu itlərin küçüyünün qiyməti 20 min avrodur. Halbuki bizimkilər qat-qat onlardan güclüdür, bunu məsələdən başı çıxan bir mütəxəssis kimi söyləyirəm”-deyə, müsahibimiz bildirdi və sözlərinin təsdiqi kimi, o, qafqaz qurdbasan itləri haqda oxuduğu bir rəvayəti də danışdı:

“Makidoniyalı İskəndər Azərbaycanı işğal edəndən sonra Alban şahı ona bir cüt qafqaz iti bağışlayıb. Lakin bu itlər vuruşmaq üçün başqa cins itlərlə yaxın getməyiblər. Bunu görən İskəndər həmin itlərin boynunu vurdurur. Sonra Alban şahına bu barədə xəbər göndərir və onun hədiyyəsini özünə qarşı hörmətsizlik saydığını deyir. Alban şahı isə İskəndərə cavabında belə deyib-“Mən o itləri sənə köpəklərlə vuruşdurmaq üçün göndərməmişdim. Sən onları şirlə, ayı ilə qarşı-qarşıya buraxmalı idin”.

Müsahib onun obyektində bütün növ itlərin olduğu, lakin özümüzün qafqaz köpəyinin yalnız bu yaxınlarda cəmi ikisinin Rusiyadan çox çətinliklə gətirməyə müvəffəq olduğunu dedi.

“Gəncədə misli görünməmiş sərgi keçirəcəm”

Müsahib həmçinin bizim ölkədə müxtəlif it sərgilərinin keçirilmədiyinə də təssüfləndiyini bildirdi :

“Təkcə Almanların 40-dan artıq cins itləri var. Onlar öz itlərini bütün dünyaya nümayiş etdirirlər, sərgilər təşkil edirlər. Dövlət də bu işə görə onlara vəsait ayırır”.

O, həmçinin bu ilin yazında Gəncədə itlərin maraqlı sərgisini keçirmək istədiyini bildirdi və indiyəcən qərb regionunda görülməyən bu işdə ona şəhərin Gənclər və İdman, həmçinin Mədəniyyət və Turizm idarələrinin köməklik göstərəcəyini bildirdi.

“Şəhərdə it saxlayan vətəndaşların 90 faizinin məndə əlaqə nömrəsi var. Həmçinin yerli telekanalların vasitəsilə mən onların hamısını təmənnasız bu sərgidə iştirak etməyə dəvət edəcəm. Burada köpəklərinin cinslərinə uyğun quruluşu, standart normativlərə cavab verə bilmələri, ölçüləri, qüsurları, haqda onların sahiblərinə məlumatlar veriləcək. Bu sərgi bir növ it həvəskarlarını maarifləndirmə xarakteri daşıyacaq. Qoy it almaq istəyənlər gələcəkdə düzgün seçim etsinlər”-deyə, o, belə tədbirlərin faydalı olcağını bildirdi.

1 fevral, 2012 - 22:35

Şərh

Содержание этого поля является приватным и не предназначено к показу.
  • Адреса страниц и электронной почты автоматически преобразуются в ссылки.
  • You can use BBCode tags in the text.
  • Строки и параграфы переносятся автоматически.
  • Image links with 'rel="lightbox"' in the <a> tag will appear in a Lightbox when clicked on.
  • Image links from G2 are formatted for use with Lightbox2
  • Image links with 'rel="lightshow"' in the <a> tag will appear in a Lightbox slideshow when clicked on.
  • Links to HTML content with 'rel="lightframe"' in the <a> tag will appear in a Lightbox when clicked on.
  • Links to video content with 'rel="lightvideo"' in the <a> tag will appear in a Lightbox when clicked on.
  • Links to inline or modal content with 'rel="lightmodal"' in the <a> tag will appear in a Lightbox when clicked on.

Подробнее о форматировании текста

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player