« Geri

Xaricdə təhsil alıb qayıdan gənclərin sonrakı aqibəti necə olur?

Mətn ölçüsü:  
Xaricdə təhsil alıb qayıdan gənclərin sonrakı aqibəti necə olur?

Azərbaycanın əcnəbi ölkələrdə kifayət qədər təhsil alan tələbəsi var. ABŞ-da bu baxımdan istisna deyil. Bəs xaricdə təhsil alıb qayıdan gənclərin sonrakı aqibəti necə olur? Ümumiyyətlə xarici ölkələrdə təhsil aldıqdan sonra nəyə görə bəzi gənclər həmin ölkələrdə qalıb işləməyə üstünlük verirlər. Ətraflı qarşıdakı materialımızda.

Sovetlər dönəmində olduğu kimi, müstəqillik illərində də xüsusilə son illərdə azərbaycanlı gənclərin xaricdə təhsil alması üçün dövlət tərəfindən xüsusi işlər görülür. Bu baxımdan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan gənclərin sayı da artıb. Bu vaxta qədər Dövlət Proqramı üzrə təhsil alan tələbələrin sayı ümumilikdə 2000 nəfərə çatıb. Hazırda Dövlət Proqramı çərçivəsində 20-dən artıq ölkənin 200-ə yaxın universitetində yüzlərlə azərbaycanlı tələbə təhsil almaqdadır. Bu tələbələrin böyük əksəriyyəti tibb, mühəndislik, iqtisadiyyat və idarəetmə, informasiya və kommunikasiya texnologiyaları sahələri üzrə oxuyur. Ümumilikdə isə Dövlət Proqramı və digər mənbələr hesabına hazırda 10700 nəfər azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində müxtəlif ixtisaslara yiyələnirlər. Gəncədə də tələbələrin xaricdə, xüsusilə ABŞ-da təhsil almaları üçün şərait yaradan təşkilat mövcuddur. Amerika təhsil mərkəzinin nəzdində fəaliyyət göstərən Gəncə Təhsil İnformasiya Mərkəzi ABŞ səfirliyi tərəfindən maliyyələşdirilir və indiyədək 100-dən artıq gənc xaricdə təhsil almaq üçün yönləndirib.

Leyla Həmidova– Gəncə Təhsil İnformasiya Mərkəzində məsləhətçi: “Əsas məqsədimiz ABŞ-da təhsil almaq istəyənlərə geniş məlumat və məsləhət verməkdir. Təhsil məsləhətçisi kimi əsasən də təqaüd proqramları barədə məlumat verirəm”.

Lakin məzunların bəziləri xaricdə qalmağa üstünlük verirlər. Dövlətin məzunların təhsili üçün kifayət qədər pul xərcləməsinə baxmayaraq, onlar dövlət qurumlarında işləməyə maraqlı deyillər. Əsas səbəb dövlət qurumlarında işləməyin məzunlar üçün cəlbedici və əlverişli olmamasıdır. Buna görə də əksəriyyət özəl sektorda fəaliyyəti üstün tutur. Əmək haqqının üstünlüyü, daha yaxşı təminat və digər bu kimi üstünlüklər ölkəyə qayıdan xarici ölkə təhsillilərin qeyri-dövlət sektoruna üz tutmasını şərtləndirən səbəblər sırasında göstərilir. Bunun bir səbəbi də xaricdən qayıtdıqdan sonra özəl şirkətlərdə adaptasiya prosesinin asan olmasıdır.

Nizami Allahverdiyev- xaricdə təhsil almış gənc: “Getməzdən əvvəl bizə demişdilər ki, oradan qayıtdıqdan sonra sizdə adaptasiya ilə bağlı problemlər ola bilər. Qayıtdıqda həqiqətən adaptasiya olmaq çox çətin idi, buna görə özəl təşkilatlarda işləməklə müəyyən qədər adaptasiya ola bilmişəm”.

Aysun Zeynalova– xaricdə təhsil almış gənc: “Mən ötən ilin may ayında təhsilimi başa vurub qayıtdım, demək olar ki, indiyə qədər tam adaptasiya ola bilmirəm. Amma məncə bu həm insanın özündən, həm də orada qalmaq müddətindən asılıdır”.

Dövlət Proqramı çərçivəsində isə xaricdə təhsil almaq hüququ qazanan hər bir tələbə ilə Təhsil Nazirliyi arasında müqavilə imzalanır. Müqavilənin şərtlərinə görə, Dövlət Proqramının məzunu olan tələbələr aldığı ixtisas üzrə Azərbaycanda beş il fasiləsiz işləməlidirlər. Ancaq bəzi ekspertlər xaricdə təhsil alanların qarşısına ölkədə çalışmaq şərti qoyulmasının əleyhinədirlər. Qeyd olunur ki, belə məsələlərdə insanlara seçim sərbəstliyi verilməlidir. Səbəb gətirirlər ki, buradakı şərait, əməkhaqqı həmin gənci qane etmirsə, onlar burada inkişaf perspektivi görmürsə, 5 ildən sonra onsuz da yenə çıxıb gedəcək. Xatırladaq ki, Dövlət Proqramı çərçivəsində təhsil alan məzunlar dövlət qulluğuna müsabiqədən kənar qəbul edilirlər. Xaricdə təhsil almış gənclər isə Azərbaycan təhsilinin son illər inkişaf baxımından xeyli irəlilədiyini də deyirlər. Buna görə gələcəkdə heç xaricə gedib təhsil almağa ehtiyac olmayacaq.

Nizami Allahverdiyev- xaricdə təhsil almış gənc: “Bizim universitetlərə xaricdən professor və müəllim heyəti gəlir, bizimkilər də ora gedir, buna görə universitetlərin mübadiləsi nəticəsində inkişaf qaçılmazdır.”

İndiki dövrdə isə xaricdə təhsil alan məzunların işlə təmininə diqqət yetirilməli, yaxşı maaş verilməli, əgər maaş mümkün deyilsə, ev verilməli olduğu bildirilir. Bununla da həmin gənclər xaricdə aldıqları təcrübəni burda bölüşməkdə maraqlı olar, özləri də yeni-yeni kadr hazırlaya bilərlər.

Leyla Həmidova– Gəncə Təhsil İnformasiya Mərkəzində məsləhətçi: “Xaricdə təhsil 4-6 il davam edir. Bu kiçik müddət deyil və bu müddət ərzində gənc həm ideoloji, həm də sosial baxımdan formalaşır. Onlar orada müxtəlif qrupların, müxtəlif sosial təbəqələrin əhatəsində olur, müxtəlif həyat səviyyələri ilə qarşılaşır, olduqları ölkələrin sosial həyatında iştirak edirlər. Bütün xarici dövlətlərdə müəyyən tarixlərdə Azərbaycanla bağlı tədbirlər, Azərbaycan günləri keçirilir. Gəncləri bu tədbirlərin reallaşmasında iştiraka cəlb etdilməsi daha məqbuldur. Belədə gəncdə gərəklilik hissi formalaşacaq və biləcək ki, dövlətə lazımlıdır. Hər halda xaricdə təhsil alan tələbələr dövlətin vəsaiti hesabına oxuduqları üçün öz töhfələrini bu ölkəyə verməlidirlər”.

Xaricə bakalavrla yanaşı magistr təhsil pilləsi üzrə də təhsil almaq üçün gedənlər var. Ali təhsilin bakalavr səviyyəsində öz ölkəsinə olan bağlılığın demək olar ki, səksən faizi formalaşır. Bundan sonra həmin gənclər xaricə göndərilsə də Azərbaycana qayıtma ehtimalı çox olacaq. Bununla da magistraturaya oxumağa gedənlər milləti dəyişmir, yalnız dünyagörüşünü genişləndirirlər.

Cavanşir Məmmədzadə
24 February, 2013 - 18:00

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player