« Geri

Naftalan nefti - planetin unikal sərvəti

Mətn ölçüsü:  
Naftalan nefti - planetin unikal sərvəti

Hələ Sovet dönəmində müalicəvi istirahət üçün çoxlarının üz tutduğu bir məkan var idi - Naftalan. Lakin 90-cı illərdə erməni hücumları ilə başlanan qaçqın və məcburi köçkün axını kurort şəhəri olan Naftalanın da vəziyyətindən yan keçmədi. Burada yerləşən sanatoriya və pansionatların bir çoxunda məcburi köçkünlər məskunlaşdı. Belə vəziyyət bura üz tutanların sayının ilbəil azalması ilə nəticələndi. Lakin son 5-6 ildir ki, yenidən bu şəhərdə canlanma başlayıb və yeni Naftalan müalicə mərkəzləri istifadəyə verilib ki, bu da əhalinin planetin unikal sərvəti kimi qiymətləndirilən Naftalan nefti ilə müalicə alanların sayına müsbət təsir göstərib.
Torpaqdan yaranan və sonda torpağa qayıdan insanın elə bir çox dərdlərinin dərmanı da yerin təkindən çıxır. Bu möcüzəli məlhəmlərdən biri planetimizin unikal sərvəti sayılan Naftalan neftidir.
Naftalan neftinin müalicəvi əhəmiyyətli olması hələ altıncı əsrdə bir çox klassiklərin əsərlərində qeyd olunub. Lakin ilk dəfə bu nefti kəşf edərək istehsal edən alman mühəndisi Eger olub. Naftalanın dəyərini dərk edən mühəndis indiki Naftalan şəhəri ərazisində primitiv istehsal müəssisəsi inşa edir. Bu kiçik zavoda tanınmış alman dermatoloqu Unnanı da dəvət edir. Eger məşhur alman dermatoloqu ilə birgə xam neftin özünü də Avropaya idxal etmək fikrinə düşür. Neft tərkibini dəyişməsin deyə, onlar dəri tuluqlardan istifadə edirlər. Lakin bu möcüzəli neft öz təkrarolunmazlığını sübut edir. Belə ki neft Naftalan ərazisindən çıxan kimi müalicəvi və sehirli tərkibini itirir. Naftalan nefti–qəhvəyi qonur rəngli, xüsusi aromatik qoxuya malikdir. Naftalan mürəkkəb fiziki –kimyəvi tərkibə malik olub, qətranlı, az kükürdlü, parafinsiz neft məhsuludur və tərkibində sənaye neftlərindən fərqli olaraq benzin, kerosin, liqroin kimi yüngül fraksiyalar yoxdur.

Xurşud Namazəliyeva - sanatoriyanın baş həkimi: “Naftalan neftinin tərkibi hələ 1940-cı illərdə kimya elminin banisi Yusif Məmmədəliyev tərəfindən öyrənilib. Yusif Məmmədəliyev o qərara gəlmişdi ki, Naftalan neftinin tərkibində olan yüngül naften harbogidrenləri müalicəvi əhəmiyyətə malikdir. Naftalan neftilə müalicə qədim vaxtlarda olsa da son zamanlar Naftalan terapiyasına başqa müalicə üsulları da qatılır. Yəni ki, fiziaterapevtik müalicə istifadə olunur. Bu da müalicənin həm əhəmiyyətini həm də keyfiyyətini artırır”.

Bura gələnlər Naftalan nefti və onun əsasında hazırlanan məlhəmlərlə müalicə alırlar. Naftalan nefti yaraların, dəri, sinir, uroloji və ginekoloji xəstəliklərin, həmçinin qaraciyər, oynaqların və oynaq ətrafındakı yumşaq toxumaların, dayaq-hərəkət aparatının müalicəsi üçün çox səmərəli vasitədir. Müasir tələblərə uyğun tikilən mərkəzlərdə müalicə otaqları, neft vannaları, müasir tibb avadanlıqları və digər xidmətlərin göstərilməsi üçün kabinetlər mövcuddur. Qeyd edək ki, kəskin ürək, qan- damar xəstəlikləri və təzyiqlə bağlı problemi olanların Naftalan vannasından istifadəsi əks-göstərişdir. Belə xəstələr uzaqbaşı yarım vanna qəbul etməklə bu müalicə üsulundan yararlana bilərlər.

Xurşud Namazəliyeva- sanatoriyanın baş həkimi: “Naftalan vannası 38 dərəcədə qəbul olunur. Naftalan vannasının qəbul müddəti 10 dəqiqədir. İdeal kurs müalicəsi 12 vanna qəbul edilməlidir. Ondan başqa balnoterapiya, gidroterapiya, fizioterapiya üsullarından da geniş istifadə edirik”.

Naftalanda çıxan bu neft 30-dan artıq xəstəliyin müalicəsində mühüm rol oynayır. Dəri, revmatik, hətta müalicəsi tibbdə mümkün olmayan xəstəliklərin tam və ya qismən müalicəsini təmin edir. Hazırda şəhərdə 8 sanatoriya tipli müalicə müəssisəsi fəaliyyət göstərir. Bir nəfər üçün 15 günlük müalicə kursunun qiyməti 800 manatdır.

Müalicə kursuna pəhriz yemək, qalmaq, masaj, parafin, bütün fizioterapiyalar daxildir. Araşdırmalar nəticəsində məlum olub ki, Naftalan neftinin tərkibində olan naften karbohidratların formulu insan bədənində olan hormonların formulu ilə eynidir. Bu da onun sübutudur ki, Naftalan insanın sanki bir parçasıdır. Ölkənin bir çox yerində Naftalan müalicəsi adı altında fəaliyyət göstərən mərkəzlərə rast gəlmək də olar. Elə onların təklif etdikləri vannalarındakı neft də Naftalan şəhərindən aparılır. Lakin yuxarıda da qeyd etdiyimiz kimi belə olan halda möcüzəli məlhəmin təsir imkanları bir qədər zəifləmiş olur. Mütəxəssislər də belə deyir.

Xurşud Namazəliyeva- sanatoriyanın baş həkimi: “Naftalan neftində çox fərq var. Mədəndən çıxarılır burda istifadə olunur. Başqa yerdəki Naftalanın da əhəmiyyəti var müalicə olunur. Ancaq burdakı kimi müalicə effekti təbii ki, alınmır. Burda daha güclü nəticə alınır. Burda həm native, həmdə qatransız neftdən istifadə edirik. Qətransız naftalan o naftalandır ki, qətrandan bütün zərərli maddələr təmizlənir. Müalicəvi əhəmiyyəti daha çoxdur”.

Adı ilə tanınan Naftalan nefti bu gün də müalicə kursu keçmək üçün bu şəhərdəki sanatoriyalara üz tutanların sayını azaltmır. Ölkə vətəndaşları ilə yanaşı xaricilər də, daha çox Rusiya, Polşa, Almaniya, Fransa, İran, Türkiyə, Filippin və başqa ölkələrin vətəndaşları bu neftdən şəfa tapmağa gəlirlər. Bu insanları Naftalana gətirən isə təbii ki, neftin dünya şöhrətli müalicəvi əhəmiyyətidir.

Svetlana Maksimovna- müalicə kursu keçən: “Ötən il rəfiqəmlə burada istirahət etmişdim. Onun uşağı xəstə idi və onun müalicəsi burda çox uğurlu alındı. Buna görə də mən qərara gəldim ki, növbəti dəfə gəlim müalicə alım. Özümü burada çox yaxşı hiss edirəm, işçi heyəti çox yaxşıdır. Həkimlər də diqqətçildirlər. Hər gün yeni müalicəvi qidalar verirlər bizə. Planlaşdırıram ki, növbəti ilə birdə gəlim müalicəmi davam etdirim”.


Sərvər Məmmədov- müalicə kursu keçən: “İki ildir oynaqlarımda bel nahiyəmdə ağrılar olurdu. Türkiyəyə, Almaniyaya getmişəm. Amma hara gedirdimsə buranı məsləhət görürdülər ki, özünüzdə Naftalan nefti ola-ola niyə burda müalicə axtarırsız. 8 gündü müalicə götürürəm özümü çox yaxşı hiss edirəm”.


Gülşən Qasımova- müalicə kursu keçən: “Nəticə budur ki, bura axsıya-axsıya gəlirəm. Gedəndə amma normal yeriyirəm”.


İradə Qafarova- müalicə kursu keçən: “Həftədə 2-3 dəfə başımda boynumda ağrılar olurdu. Bura gələnndən heç bir problemim yoxdu”.


Fəxrəddin Abbasəliyev- müalicə kursu keçən: “Ayaqlarımda belimdə ağrılar var idi. Artıq 5-ci vannadı qəbul edirəm. Həmin ağrıların yox olduğunu hiss edirəm”.

Bildirilir ki, Naftalan nefti ilə müalicəyə yaz-yay mövsümlərində gələnlərin sayı daha çox olur. Lakin insan üçün payız-qış mövsümlərində qəbul edilən neft vannaları daha təsirli və müalicəvi əhəmiyyətlidir.

Bu unikal sərvət milyonlarla insana şəfa vermək gücündədir. Hazırda elm adamları Naftalanın onkoloji xəstəliklərdə tətbiqini araşdırırlar. Hələ ki, alimlər Naftalanın sirri qarşısında acizdirlər. Hər halda onun möcüzəsi elə onun özüdür.

Nəzakət Məşədiəliqızı
9 dekabr, 2012 - 17:41

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player