« Geri

Gəncənin baş planının yekun variantı təqdim edilib

Mətn ölçüsü:  
Gəncənin baş planının yekun variantı təqdim edilib

Həftə Gəncə üçün əhəmiyyətli hadisə - şəhərin gələcək 30 il üçün inkişaf strategiyasını və şəhərsalma istiqamətini müəyyən edən baş planın yekun variantının təqdimatı ilə yadda qaldı. Azərbaycan Dövlət Layihə İnstitutu tərəfindən hazırlanan Gəncə şəhərin baş planının konseptual layihəsinə əsasən şəhərin infrastrukturunda və funksionallığında bir sıra yeniliklərin edilməsi, Gəncənin iri meqapolisə çevrilməsi nəzərdə tutulur. Ekspertlərin fikrincə, bu sənəd Gəncənin tarixi şəhərsalma ənənələrinin bərpa edilməsinə, tarixi memarlıq üslubunun geri qaytarılması ilə yanaşı daha müasir və gözəl bir şəhərə çevrilməsinə həmçinin indiyədək şəhərdə tikintilərdə mövcud pərakəndəliyin və nizamsızlığın aradan qalxmasına yardım edəcək.

Gəncənin baş planının yekun variantı əsas 2 mərhələdən ibarətdir. Birinci mərhələdə Gəncə şəhərinin 2030-cu ilədək inkişaf strategiyası və infrastrukturunun inkişafı, 2-ci mərhələdə isə 2045-ci ilədək inkişaf və 1 milyonluq şəhərsalma nəzərdə tutulur. Baş planda bütün tikintilər və istiqamətlər məhz bu proqnozlar üzərində qurulub. Konseptual inkişaf layihəsinə əsasən 8580 hektar ərazisi olan şəhərə qonşu rayonların ərazisi hesabına əlavə torpaqların verilməsi, bununla da Gəncənin ərazisinin təxminən 2 dəfə böyüdülərək 17 min hektara çatdırılması planlaşdırılır. Sənəddə göstərilir ki, Gəncə ətrafında salınan Şəmkir postundan Zazalı postuna Göygölün Azos qəsəbəsinədək əraziləri əhatə edən dairəvi yolun daxilindəki bütün ərazilər Gəncənin tabeçiliyinə veriləcək. 2030-cu il üçün nəzərdə tutulan baş plana əsasən bu müddətədək Gəncənin əhalisi indiki 350 min nəfərdən 470 minə çatacaq. Bundan əlavə şəhərə uzunmüddətli dövr üçün yəni 2045-ci ildə 1 milyon əhalinin yaşaması üçün əlavə 16 min hektar rezerv torpaq sahəsi ayrılacaq və nəticədə Gəncənin ümumi torpaq sahəsi 33 min hektardan artıq olacaq.

Rasim Əmirov - layihənin müəllifi: “Baş planda demək olar ki, bütün idarə və müəssisələr sənayesi binalar hamısı nəzərdə tutulub və əhali üçün hesablanıb. Şəhər yenidən rekonstruksiya olunacaq, köhnə şəhərə uyğunlaşdırılıb müasirləşdirilərək tikiləcək. Yaşıllıqlar artırılacaq. Çayın hövzəsi genişləndiriləcək”.

Baş planda əsas diqqət yaşayış sahəsinin artırılmasına yönəldilib. Belə ki, beynəlxalq normalara görə şəhərdə sıxlıq 1 hektara 170 nəfər düşməlidir, Gəncədə bu göstərici normadan 2 dəfə aşağı 97 nəfər olsa da şəhərdə mənzil çatışmazlığı hiss olunur. Beynəlxalq standarlara görə şəhərlərdə əhalinin adambaşına 18m2 mənzil sahəsi düşməli olduğu halda, Gəncədə bu göstəri 13.9 m2-dir. Bunun əsas səsəbi isə yüksək mərtəbəli binaların azlığı, fərdi həyətyanı sahələrin çox olmasıdır. Layihədə bu problemin aradan qaldırılması və şəhərdə əhalinin artımını nəzərə alaraq 2015-ci ilədək 1 milyon 990 min m2 yeni yaşayış binalarının tikilməsi, 2015-2030-cu illər arasında isə daha 2 milyon 572 min m2 mənzil sahəsinin istifadəyə verilməsi proqnozlaşdırılır. Bununla da adambaşına düşən mənzil sahəsi 15.5 m2-ə çatdırılacaq. Çoxmərtəbəli yaşayış binalarının əsasən Yeni Gəncə yaşayış massivində, hazırda tikilməkdə olan Heydər Əliyev Mərkəzinin arxasında və Gəncənin Bakı girişinin ətrafındakı ərazilərdə tikilməsi planlaşdırılır.
Baş planda, həmçinin, şəhərdə bir sıra yeni zonaların yaradılması nəzərdə tutulub. Bu zonalara misal olaraq, Gəncənin şimalında dəmiryolunun altında yaradılacaq sənaye, Üçbulaq ərazisində təhsil, Totanlıda səhiyyə, Gülüstanda turizm, şəhər mərkəzində incəsənət və mədəniyyət, çay kənarında istirahət zonalarını göstərmək olar. Sənaye zonası barədə danışılarkən bildirilib ki, zonanın yaradılmasında əsas məqsəd Gəncənin iri sənaye mərkəzinə çerilməsi və burada əsasən ağır sənaye, innovasiya tutumlu sahələr, toxuculuq və quşçuluq müəssisələrinin yaradılması planlaşdırılır. Gəncənin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev sahibkarlara müraciət edərək sənaye mərkəzində fəaliyyət göstərəcək iş adamlarına 7 illik aşağı faizli irihəcmli kreditlər ayrıldığını deyib və layihəsi olanları təkliflə müraciət etməyə çağırıb. Onun sözlərinə görə, artıq bu məqsədlə dövlət tərəfindən 100 milyon manatlıq kredit portfeli ayrılıb. Eyni zamanda, planda şəhərin qədimliyini və tarixi abidələrini qorumaq üçün Samux rayon ərazisində “şəhərburnu” adlanan ərazidə milli qoruq zonası yaradılması da yer alıb. Gəncə çayının şəhər daxilindəki 4.3 km uzunluğundakı, sağ və sol sahillərinin ilkin olaraq 2 km-lik hissəsində bulvar yaradılacaq. Şəhərin mərkəzi ilə bulvarı birləşdirən bir sıra yollar salınacaq. Bundan əlavə planda şəhərin qədimliyini və tarixi abidələrini qorumaq üçün milli qoruq zonası yaradılması da layihələndirilib. Həmçinin şəhərin mühüm turizm mərkəzinə çevrilməsi məqsədi ilə bir sıra turist marşurutları təşkil ediləcək həmçinin Gəncə ətrafı ərazilərdə olan mineral sulardan və Naftalan neftindən istifadə edən sanatoriyaların yaradılması nəzərdə tutulur.

Rasim Əmirov - layihənin müəllifi: “Layihədə bütün turist marşurutları göstərilib. Bu marşurutlara demək olar ki, köhnə şəhərlərdə yol kənarında yerləşən bütün obyektlər salınıb. Bu layihələr verilib. Hazırda işlənilir. Onlar hazırlanaraq təqdim olunacaq.”

Bundan əlavə, layihədə Gəncə ətrafında dairəvi yol qurulması nəzərdə tutulur ki, bu da şəhərə daxil olan avtomobillərin sayının kəskin şəkildə azalmasına səbəb olacaq. Şəhərdə nəqliyyatının sıxlığının azaldılması məqsədi ilə bir sıra yollar genişləndiriləcək. Yeni tikililərdə isə yolların enli götürülməsi əsas şərt olacaq. Şəhərdə nəqliyyatının sıxlığının azaldılması məqsədi ilə bir sıra yollar genişləndiriləcək şəhərdə əksər yolların eni 50 metrdən az olmayacaq. Şəhərin baş planının müzakirəsi zamanı icra başçısı Elmar Vəliyev qeyd edib ki, hazırda şəhərin ən ciddi problemlərdən biri torpaqların mülkiyyətə və istifadəyə verilməsi ilə bağlıdır. Onun sözlərinə görə bu məsələnin həlli istiqamətində artıq müyyən tədbirlər görülüb.

Elmar Vəliev - Gəncə şəhər İcra Hakimiyyətinin başçısı: “Yer quruluşu və Dövlət Xəritəçəkmə Komitəsindən 30 əməkdaş gəlir. Onlar tez bir zamanda torpaqla bağlı mübahisələrə rəy bildirəcək və bu məsələ həllini tapacaq. Bununla da bələdiyyələr normal fəaliyyətə başlayacaqlar”.

Baş plana əsasən, həmçinin, ekoloji tədbirlərin həyata keçirilməsi, yaşıllıqların, istirahət güşələrinin artırılması nəzərdə tutulur. Şəhərdə mövcud olan 145 hektar yaşıllıq sahəsinin 2251 hektara çatdırılması gözlənilir. Gəncədə tikiləcək yeni çoxmərtəbəli binalarda avtomobil dayanacaqları, xeyir-şər tədbirlərinin keçirilməsi məqsədilə ərazilər ayrılacaq, parklar, uşaq meydançaları yaradılacaq. Şəhər ziyalılarının rəyi nəzərə alınmaqla Gəncənin baş planı qəbul olunub.

İlham Ələkbərli
5 February, 2012 - 18:11

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player