« Geri

Azərbaycanda həkim və müəllimlərin dövlət qulluğu statusu nə vaxt müəyyənləşəcək?

Mətn ölçüsü:  
Azərbaycanda həkim və müəllimlərin dövlət qulluğu statusu nə vaxt müəyyənləşəcək?

Azərbaycanda həkim və müəllimlərin dövlət qulluğu ilə bağlı statusu müəyyən edildikdən sonra onların əmək haqlarında artım olacaq. Bunu televiziyamıza müsahibəsində Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib. Onun sözlərinə görə, bu artımla onların aylıq maaşı orta aylıq əmək haqqına yaxın olacaq. Qeyd edək ki, məsələ ilə bağlı işlərin avqustun sonunadək yekunlaşması planlaşdırılsa da maraqlı tərəf yeni ili gözləməli olacaq.

2012-cu ilin dövlət büdcəsi əvvəlki illərdə olduğu kimi yenə sosial yönümlüdür. Belə ki, 2012-ci ildə əmək haqqı və pensiyaların artımı üçün büdcədə 800 milyon manat vəsait nəzərdə tutulub. Bildirək ki, bu il digər ölkələrdən fərqli olaraq, Azərbaycanda maliyyə böhranına baxmayaraq bir çox sahədə çalışan işçilərin əmək haqlarında artımlar olub. Ancaq bu artım müəllim və həkimlərə şamil olunmadı. Qeyd edək ki, büdcədən maliyyələşən işçi təbəqələrindən daha çox həkim və müəllimlərin əmək haqqı aşağıdır. Amma artıq Azərbaycanda büdcə profisiti formalaşıb və bu proses vətəndaşların əmək haqqının artırılacağını deməyə əsas verir. Bununla yanaşı Prezident İlham Əliyevin göstərişi ilə həkim və müəllimlər dövlət qulluğunun xüsusi statusuna aid ediləcək.

Musa Quliyev - MM-in Sosial Siyasət Komitəsinin sədr müavini: “Müəllimlərin və həkimlərin dövlət qulluğunun xüsusi statusuna aid edilməsi ilə bağlı sənədləri hazırlasınlar prezidentə təqdim etsinlər. Artıq hökümət belə bir sənədi hazırlayıb. Yaxın vaxtlarda sənəd baxılmaq üçün MM-ə təqdim olunacaq. MM-ə təqdim olunduqdan sonra müvafiq qanunlara müvafiq əlavə və dəyişikliklər olacaq. Ola bilər dövlət qulluğu haqqında, ola bilər təhsil haqqında qanuna və başqa qanunlara müvafiq əlavə və dəyişikliklər olunduqdan sonra artıq həm müəllimlərin, həm də həkimlərin statusu yüksələcək, əmək haqları artırılacaq və buna uyğun sosial imtiyazları artacaq”.

Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə həkimlərin, təhsil işçilərinin dövlət quluqçusu olması məsələsinin çox mürəkkəb və ciddi məsələ olduğunu deyib. Bununla yanaşı millət vəkili dövlət büdcəsinin imkanlarının bu məqsədi reallaşdırmağa imkan verdiyini deyib. Millət vəkili artımın iqtisadi və sosial inkişaf arasında tarazlığı pozmayacağını qeyd edib.

Ziyad Səmədzadə - MM-in komitə sədri: “Hesablamalar aparılır. Həqiqətən birdən-birə işçinin dövlət qulluqçusu elan edilməsi təbii ki, külli miqdarda vəsaitdir. Həm də dünya standartlarına baxmaq lazımdır. Hökümət hər bir qərarı qəbul edərkən ilk növbədə dünya təcrübəsini nəzərə almalıdır. Hələ araşdırmalar aparılır. Deyə bilmərəm ki, bu məsələ gözlənilmir. Bununla MM-in digər komitələri çox ciddi məşğul olur”.

Bildirək ki, pensiya və müavinətlə yanaşı müəllim və həkimlərə məzuniyyətlərlə bağlı əlavə statuslar veriləcək. Millət vəkili Musa Quliyev bu məslələrin 2012-ci ilin büdcəsində nəzərdə tutulacağını deyib. Əmək haqlarının artımının nə qədər olacağı ilə bağlı isə deputat bunları deyib.

Musa Quliyev - MM-in Sosial Siyasət Komitəsinin sədr müavini: “Əmək haqqı və pensiyalarda artımın məbləği dəqiq bilinmir. Çünki sənəd hələ hökümətdədir, hələ MM-ə daxil olmayıb. Hesab edirəm ki, əmək haqlarının artımı həm müəllimlərin, həm də həkimlərin həyat səviyyəsinə zəmanət verəcək dərəcədə olacaq. Ən azı orta aylıq əmək haqqı dərəcəsinə çatmalıdır. Bu artıq Respublikada 350 manata yaxındır”.

Musa Quliyev bildirib ki, dövlət qulluqçusu statusu 65 yaşı tamam olduğuna görə təqaüdə göndərilən müəllim və həkimlərə də şamil oluna bilər. Deputatın sözlərinə görə, qanunvericilik buna imkan verir. Amma bu məsələ ciddi ölçülüb-biçilməli və hesablanmalıdır. Bu məsələnin həkim və müəllimlərin sosial müdafiəsi baxımından əhəmiyyətli olduğunu vurğulayan ekspert Vüqar Bayramov əmək haqlarının pilləli şəkildə artırılmasının tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, pilləli olaraq qiymət artımları istehlak bazarında da ciddi qiymət artımına gətirib çıxarmır və həmçinin dövlət büdcəsi üçün də ağırlıq yaratmır. Azərbaycanda həkim və müəllim ordusunun kifayət qədər çox olduğunu dilə gətirən ekspert bu qədər insanın əmək haqqının artırılmasının bazarlardakı ərzaq qiymətlərinə təsirsiz ötüşməyəcəyini də bildirib. Bildirək ki, Azərbaycanda 30 min həkim və bundan təxminən 4 dəfə artıq müəllim var.

Jalə Qurbanova
23 dekabr, 2011 - 16:41

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player