« Geri

Məhsəti Gəncəvi

Mətn ölçüsü:  

Xahiş edirik flash player yükləyəsiz.

Məhsəti Gəncəvi Azərbaycan ədəbiyyatında həyat və yaradıcılığı, doğum və ölüm tarixləri, digər tarixi şəxsiyyətlər və sənətkarlarla münasibəti, əsərlərinin sayı haqqında fərqli fikirlər söylənən, adı əfsanələr dumanına bürünmüş böyük şairəmizdir. İş o yerə çatıb ki, bəzi tədqiqatçılar belə bir sənətkarın, ümumiyyətlə, bu dünyada yaşamadığı, bir xəyal məhsulu olduğu qənaətinə gəliblər. Məhsətinin kişi olduğunu iddia edənlər də olub. Belə bir fikirayrılığının əsas səbəbi şair haqqında orta əsr Şərq mənbələrinin kifayət qədər olmamasından, olanların da bir sıra məsələlərlə ziddiyyətli, bir-birini inkar edən məlumatlar verməsindən ibarətdir. Onun həyat və yaradıcılığının tədqiq tarixini nəzərdən keçirən prof. X.Yusifli haqlı olaraq göstərir ki, bunun səbəbi sənətkarın Azərbaycan şairi olması deyildir: “Belə olsaydı, onlar Qətran Təbrizi, Xaqani Şirvani, Fələki Şirvani, Mücirəddin Beyləqani, Nizami Gəncəvi və b. Azərbaycan şairlərindən də bəhs etməz, onlara xususi yer verməzdilər. Bunun əsas səbəbi odur ki, şairin əsərləri barədə mötəbər mənbələrdən son dövrlərə qədər kifayət qədər nümunə əldə edilməyib və onun ədəbi irsi layiqincə öyrənilməyib”.

Xəlil Yusifli– Filologiya elmləri doktoru, professor:
“Elə düşünürəm ki, Nizami Gəncəvinin yaradıcılığı bütöv bir kainatdırsa, Məhsəti yaradıcılığı incə, zərif, tərtəmiz bir dağ çiçəyidir və bu dağ çiçəyinin yaradıcılığından danışmaq bir az çətindir. Onun yaradıcılığı əsasən rübailərdən ibarət olub. Çox vaxt bu rübailər də itib-batıb, onlardan xəbərimiz olmayıb, bəzənsə Məhsətinin olmayan rübailər də onun adına yazılıb”.

Məhsətinin gəncəli olduğunu təsdiqləyən kifayət qədər ciddi tədqiqatçılar olmuşsa da, onun nişapurlu, xocəndli olması kimi səhv fikirləri irəli sürənlər də olub. Diqqətlə nəzərdən keçirdikdə görürük ki, Avropa, Rusiya, Azərbaycan tədqiqatçılarının şairin həyat və yaradıcılığına dair gəldikləri bəzi səhv qənaətlərin əsas səbəbi onların istinad etdikləri qaynaqların, təzkirələrin ziddiyyətli məlumat verməsidirsə, digər səbəb bəzi araşdırıcıların fakta əsaslanmadan təxəyyülə güc vermələridir. Abbasqulu ağa Bakıxanov özünün “Gülüstani-irəm” əsərində Lütvəli bəy Azərin “Atəşkədə” təzkirəsindən istifadə edərək Məhsətinin Gəncənin zadəgan ailəsindən olub, Sultan Səncər sarayında şöhrətə çatmasından danışıb, rübailərindən nümunə verib. Sonralar “Azərbaycan ədəbiyyatı tarixi” kitabında Məhsətidən bəhs edən F.Köçərli, A.Bakıxanovun bu barədə dediklərini təkrar edilir.

Xəlil Yusifli - Filologiya elmləri doktoru, professor:
“Məhsəti şerlərini sanki nazlı bir gözəl kimi bəzəyir, ona naxışlar, rənglər vurur. Bu rənglərin əlvanlığı göz qamaşdırır. Ona görə də Cəmaləddin Xəlil Şirvani XIII əsrin əvvəllərində tərtib etdiyi rübailər toplusunda Ömər Xəyyamdan 33, Nizamidən 10, Məhsətidən isə 90 rübai verir”.

Sənətkar yaradıcılığının ən məhsuldar dövrünü Sultan Mahmud Səlcuqinin və onun əmisi Sultan Səncər Səlcuqinin saraylarında keçirib. O, fars dilində, əsasən rübai janrında yazıb. Ədəbi irsi dövrümüzədək tam halda gəlib çatmayıb. XIII-XVII əsrlərə aid cüng və təzkirələrdə onun 200-ə yaxın rübaisi və bir neçə başqa lirik şeri saxlanılıb. Məhsəti Gəncəvi yalnız öz dövründə deyil, sonralar da görkəmli rübai ustası kimi tanınaraq, başqa sənətkarların rübailərinin də ona aid edilməsinə səbəb olub. Məhəbbət lirikası onun yaradıcılığında əsas yer tutur. Rübailəri dünyəviliyi, humanizmi, epikürizmi, nikbinliyi ilə seçilir. O, məhəbbəti təbii duyğu, insan şərəfini yüksəldən nəcib bir hiss kimi mənalandırır.

Pərvanə Qurbanqızı

28 January, 2013 - 11:10


Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player