
ƏDƏBİ ƏBƏDİYYƏT
Veriliş Azərbaycan ədəbi mühitində məşhur olan şair və yazıçıların həyat və yaradıcılıq yolundan bəhs edir. Qədim dövrlərdən yazıb-yaradan qələm əhli və müasir Azərbaycan ədiblərinin böyük əksəriyyətinin həyat və yaradıcılıq yolu bu tele-layihədə araşdırılacaq. Tarixi faktlar üzərində fikir yürüdüləcək. Görkəmli ədəbiyyatşünaslar da sözü gedən şəxslər haqqında ədəbi mülahizələr yürüdəcəklər. Şair və yazıçıların ədəbi əsərlərindən müəyyən parçalar da təqdim olunacaq. Əlbəttə, əgər xronika olaraq lentə köçürülübsə. Ədəbi aləmə açılan əbədi bir yolda inamla irəliləmək arzusundayıq.
Veriliş həftədə bir dəfə 30 dəqiqə xronometrajla efirə yayımlanır. Layihənin ssenari müəllifi və redaktoru Zəhra Qürbət, rejissoru İlqar Vüqaroğlu, aparıcısı Vəfa Hüseynli.
“Ədəbi əbədiyyət” hər cümə axşamı 22:15-də “Kəpəz”in efirində.
|
17.05.2012
![]()
Osman Sarıvəlli
Azərbaycanın sovet dövrü poeziyasının görkəmli nümayəndələrindən olan xalq şairi Osman Sarıvəlli elinə-gününə bağlı, əsrinə, dövrünə bağlı sənətkar olub. Onun öz dadı, öz rəngi olan poeziyası, əxlaqın və mənəvi təmizliyin üzərində qurulub. Həssas şair səmimiyyəti, vətənpərvərlik, amal saflığı, Vətənəsədaqət kimi munis yaradıcılıq keyfiyyətləri ədibin əsərlərin mayası və qayəsidir. Osman Sarıvəllinin həyat və yaradıcılıq yolları cümə axşamı Kəpəz Televiziyasının əbədiyyətə açılan ədəbi pəncəərəsində.
|
|
03.05.2012
![]()
Məmməd Araz
Böyük Azərbaycan şairi Məmməd Araz XX əsr Azərbaycan ədəbiyyatının, Azərbaycan mənəviyyatının heç zaman solmayan, həmişə parlaq olan ədəbi dühalarından biridir. Məmməd Araz yaşamağa və yaratmağa mənəvi haqqı olan qüdrətli söz sərkərdəsidir. Şeir və poemaları, dünənli, bu günlü və sabahlı zəngin poeziyası Məmməd Arazı həmişə yada salacaq və hər dəfə Məmməd Araz oxuyanda böyük iftixar və qürur hissi keçirəcəyik ki, Məmməd Araz kimi qüdrətli şairimizlə bir əsrdə, bir dövrdə yaşamışıq. Görkəmli şairin həyat və yaradıcılıq yolları Kəpəz Televiziyasının əbədiyyətə açılan ədəbi pəncərəsində.
|
|
19.04.2012
![]()
Şair Qabil
Xalq şairi Qabil də digər şair və yazıçılarımız kimi şeirimizin öz səsi, sözü, dəsti-xətti, sənətdə öz mənliyi olan orijinal nümayəndələrindən biridir. Özlərindən əvvəlki ədəbi nəslin böyük nümayəndələri Səməd Vurğun və Rəsul Rzadan fərqli olaraq Qabil və onun qələm yoldaşları müstəqil Azərbaycanın yaranmasının şahidi, bu böyük və ağrılı prosesin şirinli-acılı gedişatının iştirakçısı da oldular. Xalq şairi Qabilin həyat və yaradıcılıq yolları əbədiyyətə açılan ədəbi pəncərəmizdə.
|
|
12.04.2012
![]()
Yusif Vəzir Cəmənzəminli
Y.V.Çəmənzəminli realist Azərbaycan nəsrinin, ümumiyyətlə, XX əsr ədəbi-bədii fikrimizin yeni səviyyəyə qalxmasında və yeni bir mərhələyə daxil olmasında böyük xidmətlləri olan sənətkarlarımızdandır. O, tarixi roman və hekayə ustası, dramaturq, publisist, ədəbiyyatşünas, folklorşünas,tarixçi-etnoqraf və tərcüməçi kimi çoxcəhətli yaradıcılıq yolu keçib. Ədibin həyat və yaradıcılıq yolları əbədiyyətə açılan ədəbi pəncərəmizdə.
|
|
05.04.2012
![]()
Qılman İlkin
Elə yazıçılar var ki, onların yaradıcılıqları ilk baxışda ədəbi prosesdə mərkəzi, böyük planda nəzərə çarpmır. Lakin qəribəsi odur ki, eyni zamanda ədəbi prosesi, ədəbiyyatın ümumi inkişafını və ahəngini belə yazıçılarsız da qətiyyən təsəvvür etmək olmur, onların əsərlərini nəzərə almadan dövrün ədəbiyyatını tam əhatə etmək mümkün olmur. Çunki belə yazıçılar dövrlərinin ədəbi prosesi və ictimai-mənəvi həyatı ilə daxilən bağlı şəxsiyyətlərdir. Görkəmli qələm sahibi Qılman İlkin Musayev də belə şəxsiyyətlərdən biridir. Ədibin həyat və yaradıcılıq yolları cümə axşamı saat 22.25-də əbədiyyətə açılan ədəbi pəncərəmizdə.
|
|
29.03.2012
![]()
İsi Məlikzadə
İsi Məlikzadə... Azerbaycan bədii nəsrinin XX əsrdə yetirdiyi söz ustalarından biri... Ədəbiyyatda
heç kimə bənzəməyən, özünəməxsus fərdi deyim tərzi, yolu və üslubu olan bir sənətkar... Gözəl hekayələr müəllifi... Müasir Azərbaycan povestinin yaradıcılarından biri... Bədii nəsrində ən doğru həqiqətləri sənət dililə ifadə edən, XX əsr Azerbaycan ziyalısının, kəndlisinin obrazlarını yaradan ustad nasir...Neçə bədii filmin ssenari müəllifi... Və nəhayət, heçvaxt xatirələrdən silinməyən, yaddaşlarda qalan əziz dost, gözəl insan. İsi Məlikzadənin həyat və yaradıcılıq yolları əbədiyyətə açılan ədəbi pəncərəmizdə.
|
|
15.03.2012
![]()
Nəbi Xəzri
Yer kürəsində həyat həm üfiqi, həm də şaquli istiqamətdə yayılıb. Buna uyğun olaraq insan təfəkkürü də nəinki Yer kürəsi, həm də kainat istiqamətinə yönəlir. İnsan düşüncələrinin əhatə dairəsi elmi-texniki tərəqqi işi ilə birgə genişlənir, yüksəlir, zaman və məkan daxilində məntiqi ardıcıllıqla inkişaf edir. Nəbi Xəzri də müasir bəşəriyyətin tərkib hissəsinə daxil olan poetik təfəkkürlü bir şəxsiyyət idi.Görkəmli şairin həyat və yaradıcılıq yolları Kəpəz Televiziyasının Əbədiyyətə açılan pəncərəsində.
|
|
01.03.2012
![]()
Mədinə Gülgün
Azərbaycanın görkəmli şairələrindən biri olan Mədinə Gülgünün həyat və yaradıcılığı hər zaman maraq dairəsində olub. Mədinə Gülgünün şeirləri haqqında fikir söyləmək üçün ömrü mübarizələr burulğanında keçən bu istedadlı zəka sahibinin həyat və yaradıcılıq dünyasına yaxından bələd olmağa ehtiyac duyulur. Şairəin yaradıcılığı ilə tanış olduqca belə qənaətə gəlirsən ki, onun şeirləri həyat və mübarizə yolunun ayrılmaz bir parçasıdır. Sevilən şairənin həyat və yaradıcılıq yolları Kəpəz Televiziyasının əbədiyyətə açılan pəncərəsində.
|
|
23.02.2012
![]()
Əziz Nesin
Türk xalqının böyük oğlu Əziz Nesinin adı çoxlarına tanışdır. Kimi onu "böyük demokrat" kimi satira ustası, kimisi də "qorxulu adam" adlandırırdı. Ayrı-ayrı fərdlərin fikrindən asılı olmayaraq böyük türk xalqı Əziz Nesini sevir. Onun qələmindən çıxan hər bir kəlməni təbəssümlə oxuyur. İnsanları düşündürərək güldürən yazıçı-dramaturq - şair Əziz Nesinin anadan olmasından 97 il ötür. Görkəmli ədibin həyat və yaradıcılıq yolları Kəpəz Televiziyasının əbədiyyətə açılan pəncərəsində.
|
|
16.02.2012
![]()
İsmayıl Şıxlı
Xalq yazıçısı İsmayıl Şıxlı XX əsr bədii və elmi-ictimai fikrimizin görkəmli nümayəndəsidir. İllər ötdükcə İsmayıl Şıxlı adı, ünvanı bizə, ədəbi gəncliyə daha da doğmalaşıb. Biz onun qiymətli kitablarını, “Ayrılan yollar”, “Dəli Kür” romanlarını oxuduqca daha çox öz “Mən”imiz, kökümüz üstündə düşünərək, milli özünüdərkimiz üzərində tərbiyə olunmuşuq. Görkəmli yazıçının həyat və yaradıcılıq yolları Kəpəz Televiziyasının əbədiyyətə açılan pəncərəsində.
|
|
02.02.2012
![]()
Nüsrət Kəsəmənli
Nüsrət Kəsəmənli... Azərbaycan gəncliyinin bütöv bır nəsli öz sevgililərinə onun şeirlərini göndərməklə hisslərini, duyğularını ifadə etdilər. Dünyaya şair kimi gəlib, dünyadan şair kimi gedən Nüsrət Kəsəmənlinin sehrli söz aləmində yumşaq, həlim və səmimiyyətlə qovuşuq ürəklərə axan işıqlı duyğular isindirir, düşündürür. Poeziyamızın ənənəvi və yeni şer formalarına istinad edərək həmişə maraqlı və orijinal lövhələr yaradan şair öz əsərlərində gənclik səmimiyyətini yaradıcılığı boyu qoruyaraq mənəvi dünyasının bütün zənginliyini göstərə bilib. Sevilən şairəmizin həyat və yaradıcılıq yolları Kəpəz Televiziyasının əbədiyyətə açılan pəncərəsində.
|
|
26.01.2012
![]()
Nigar Rəfibəyli
XII yüzildə Azərbaycanın söz zəfərləri qazanan ən böyük şairələri Gəncədə olub. Azərbaycanın və Şərqin ədəbiyyat tarixinə, qələm zirvəsinə ucalanlar sırasında gəncəli Məshətiylə Rəziyyənin adları düşüb. XX yüzildə Azərbaycanın ən şöhrətli qadın şairələri sırasında gəncəli Nigar Rəfibəyli boyu vüqarla ucaldı. Olsun ki, gün yetişəcək Azərbaycanda bir zamanlar şairlərə, sənət adamlarına fəxri adlar, titullar verilməsi gələcək nəsillərə gülməli, məntiqsiz görünəcək. Nigar Rəfibəylinin həyat və yaradıcılıq yolları Kəpəz Televiziyasının əbədiyyətə açılan pəncərəsində.
|
|
19.01.2012
![]()
Ənvər Məmmədxanlı
Azərbaycan ədəbiyyatının böyük dəryasında Ənvər Məmmədxanlının öz adası var. Bu möcüzələr adası ilə görüşmək, orada dalğaların özünəməxsus şırıltısı, quşların özünəməxsus nəğmələri, çiçəklərin özünəməxsus rəngi və rayihəsi ilə tanış olmaq istəyənlər ədibin bu əsərlərini bir daha oxumalıdı. Görkəmli yazıçının həyat və yaradıcılıq yolları Kəpəz Televiziyasının əbədiyyətə açılan pəncərəsində.
|
|
12.01.2012
![]()
Xanımana Əlbəyli
Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət хadimi, dövlət mükafatı laureatı, şairə Xanımana Əlbəylidən bizi düz 4 il ayırır. O, öz zəngin yaradıcılığı ilə oхucuların qəlbinə yol tapmağı bacaran şairələrdən idi. Onun poetik dünyası yaradıcılıq tapıntıları ilə zəngin idi. Görkəmli şairənin həyat və yaradıcılıq yolları Kəpəz Televiziyasının əbədiyyətə açılan pəncərəsində.
|
|
29.12.2011
![]()
Bəxtiyar Vahabzadə
Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin adı təkçə respublkamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur. Təsadüfi deyil ki, onun əsərləri - şer kitabları, dramları və publisist yazıları dünyanın çox dillərinə tərcümə edilib və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanıb. Görkəmli şairin həyat və yaradıcılıq yolları Kəpəz Televiziyasının əbədiyyətə açılan pəncərəsində.
|
|
22.12.2011
![]()
Əzizə Cəfərzadə
İyirminci yüzilin Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən biri olan xalq yazıçısı Əzizə Cəfərzadə özünəməxsus bir yaradıcılıq yolu keçib. Daha çox tarixi roman ustası, etnoqrafik yaddaşımızın mahir salnaməçilərdən biri kimi tanınan yazıçının ədəbi-bədii irsi özünün zənginliyi, əhatəliliyi və çoxcəhətliliyi ilə diqqəti cəlb edir. Görkəmli şairənin həyat və yaradıcılıq yolları Kəpəz Televiziyasının əbədiyyətə açılan pəncərəsində.
|
|
15.12.2011
![]()
Əlişir Nəvai
Əlişir Nəvai böyük özbək xalqının XV əsrdə yetirdiyi sənətkarlar içərisində şöhrət qazanıb, bütün Yaxın Şərq xalqları tərəfindən sevilən şair, alim, mütəfəkkir, bacarıqlı dövlət xadimi və mədəniyyət hamisi kimi təqdir edilən görkəmli şəxsiyyətdir. Həyatını xalqın səadəti uğrunda mübarizəyə sərf edib, yorulmaq bilmədən çalışan Əlişir Nəvai XV əsrdə çiçəklənməkdə olan özbək mədəniyyətinin şübhesiz ən mühüm ədəbi abidələrini yaradan qüdrətli bir sənətkardır. Görkəmli şairin həyat və yaradıcılıq yolları Kəpəz Televiziyasının əbədiyyətə açılan pəncərəsində.
|
|
01.12.2011
![]()
Nazim Hikmət
O hələ də qəbul edilmir. O hələ də mübahisə mövzusudur. O hələ də böyük Nazim Hikmət olaraq qalır. O hər şeyi ilə böyük və möhtəşəm idi. Biz onun haqqında çoxlu təyinlər işlədə bilərik. Amma həyatından danışmaqla onun obrazını yaratmağa çalışacağıq. Nazim Hikmət türk dünyasının və XX əsr dünya ədəbiyyatının ən böyük şairlərindəndir. Görkəmli şairin həyat və yaradıcılıq yolları Kəpəz Televiziyasının əbədiyyətə açılan pəncərəsində.
|
|
24.11.2011
![]()
Əli Kərim
Əlinə qələm aldığı gündən, hətta sənətkarlığı yetkinləşmədiyi dövrdə belə, Əli Kərim mövzu məhdudluğu bilməyib, özünü çağrılmış bayatıların çərçivəsinə salmayıb. Əli Kərimin poeziyası özü haqqında öz sözünü deyir; onun ölümü az qala yaşadığı ömrü qədərdir. Lakin şerinin oxunmasında onun ölümü hiss olunmur. Oxucuları azalmırki, çoxalır, seyrəlmirki, gurlaşır. Onun poeziyası yaşayır və bu poeziya özü də nəsil-nəsil ömür sürür. Görkəmli şairin həyat və yaradıcılıq yolları cümə Kəpəz Televiziyasının əbədiyyətə açılan pəncərəsində.
|
|
17.11.2011
![]()
İlyas Əfəndiyev
İlyas Əfəndiyevin pyeslərinin səhnəyə hər gəlişi teatrımıza təzə ab-hava gətirib. Bu təzə ab-havanı təmin edən isə ilk növbədə həmin illəri parlaq surətdə təmsil edən insanların canlı təcəssümüdür. Bahar suları, Atayevlər ailəsi, Sən həmişə mənimləsən, Mənim günahım, Unuda bilmirəm, Məhv olmuş gündəliklər, Büllür sarayda və s. kimi hərəsi sənət aləmində özünəməxsus bir iz qoyan həmin əsərlər olmadan Azərbaycan teatrının tarixi xeyli natamam görünərdi. Görkəmli ədibin həyat və yaradıcılıq yolları Kəpəz Televiziyasının əbədiyyətə açılan pəncərəsində.
|
|
10.11.2011
![]()
Qətran Təbrizi
Böyük keçmişə və qədim mədəniyyətə malik olan Azərbaycan xalqının ictimai-bədii təfəkkür tarixinin görkəmli nümayəndələrindən biri də Qətran Təbrizidir. O, təkcə Azərbaycanda deyil, bütün Yaxın Şərqdə qüdrətli bir sənətkar kimi tanınaraq, hələ öz sağlığında böyük şöhrət qazanmışdı. Şairdən sonra gələn tədqiqatçıların çoxu onun haqqında qiymətli məlumat verirlər. Qətran Təbrizi XI əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsidir. Görkəmli şairin həyat və yaradıcılıq yolları Kəpəz Televiziyasının əbədiyyətə açılan pəncərəsində.
|
|
03.11.2011
![]()
M.S.Ordubadi
Ədəbiyyatımızın tarixinə şair, nasir, publisist, dramaturq və mühərrir kimi daxil olan M.S.Ordubadi yalnız Azərbaycanda deyil, geniş vətənimizin hər tərəfində tanınan qüdrətli söz ustalarındandır. Azərbaycan sovet mədəniyyətinin, ədəbiyyat, incəsənət və mətbuatının yaradılması və inkişaf etdirilməsində Ordubadi böyük əmək sərf edib. Görkəmli ədibin həyat və yaradıcılıq yolları Kəpəz TV-nin əbədiyyətə açılan ədəbi pəncərəsində
|
|
27.10.2011
![]()
Seyid Əbülqasim Nəbati
Türk dilli Azərbaycan şerində Nəsimi ilə başlanan ictimai- fəlsəfi, sufi-panteist lirikasını XIX əsrdə yeni ideya-məzmun və bədii sənətkarlıq keyfiyyətləri ilə zənginləşdirən, klassik poeziyadakı ruhani, fəlsəfi-estetik axtarışları yeni dövr ədəbiyyatında uğurla davam etdirib ən uca zirvəyə yüksəldən, onu yekunlaşdıran sənətkar Seyid Əbülqasim Nəbatidir. Milli ədəbi tərəqqi tarixində o, Şəms Təbrizi, Cəlaləddin Rumi, Əhməd Yəsəvi, Yunus Əmrə, həmçinin Nəsimi, Xətai, Füzuli kimi dahilərin adları ilə təmsil olunan mənəvi-əxlaqi dəyərlərin varisi, XIX əsrdə nümayəndəsidir. Dahi şairin həyat və yaradıcılıq Kəpəz Televiziyasının əbədiyyətə açılan pəncərəsində.
|
|
20.10.2011
![]()
Əbülqasim Firdovsi
Əbülqasim Firdovsi 90 illik ömrünün 30-35 ilini Şahnamə kimi əbədiliyin möhrü vurulan və müəllifinə ölməzlik haqqı qazandıran əsərini yaratmağa sərf edib. Firdovsinin tərcümeyi-halına aid hamı tərəfindən təsdiq olunan məlumat yalnız budur ki, şair Tus şəhərində kiçik torpaq sahibi dehqan ailəsində anadan olub, uzun ömür sürüb, Sultan Mahmud “Şahnamə” üçün vəd etdiyi ənamı ona vermədikdən sonra ölməz sənətkar doğma şəhərinə qayıdıb vəfat edib. Dahi şairin həyat və yaradıcılıq yolları Kəpəz Televiziyasının əbədiyyətə açılan pəncərəsində.
|
|
13.10.2011
![]()
Mehdi Hüseyn
Azərbaycan ədəbiyyatının və roman janrının görkəmli ustadı Mehdi Hüseyn öz qələmiylə ölməzlik zirvəsinə ucaldı. Xalqın içindən gələn duyğuları səmimi bir şəkildə öz romanlarında və dram əsərlərində əks etdirən yazıçı ədəbiyyatımızın inkişafı yolunda müstəsna xidmətlər göstərib. Mehdi Hüseynin həyat və yaradıcılıq yolları əbədiyyətə açılan ədəbi pəncərəmizdə.
|
|
23.06.2011
![]()
Ömər Xəyyam
Dünyanın mədəni xalqları arasında şöhrət tapan qüdrətli qələm sahiblərindən biri də XI əsrin filosof şairi Ömər Xəyyamdır. Ömər Xəyyamın həyatı haqqında əlimizdə müfəssəl məlumat yoxdur. Ondan bəhs edən Şərq təzkirəçiləri şairin həyatı haqqında demək olar ki, heç bir şey deməyiblər. Xəyyam təxəllüsü ilə bütün dünyada şöhrət tapan hikmətli rübai ustadının adı Ömər, atasının adı İbrahimdir. Görkəmli şair və filosofun həyat və yaradıcılıq yolları Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
16.06.2011
![]()
Məmməd Rahim
XX əsr Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan Məmməd Rahim ədəbi yaradıcılığa 20-ci illərin ortalarından başlayıb və Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza, Osman Sarıvəlli kimi qüdrətli sənətkarlar ilə bir sırada addımlıyıb. Həmin dövr xalqımızın tarixinə inqilabi ruhu və pafosu, həyatı, insanı yenidən qurmaq uğrunda aparılan mübarizə, ictimai-siyasi döyüş illəri kimi daxil olub. Görkəmli şairin həyat və yaradıcılıq yolları Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
09.06.2011
![]()
Süleyman Sani Axundov
Azərbaycan realist nəsrinin böyük nümayəndələrindən olan maarifpərvər yazıçı Süleyman Sani Axundov 40 illik yaradıcılıq yolu keçib. Həm ictimai, həm də ədəbi fəaliyyəti ilə o, böyük demokrat, yorulmaz maarifçi, istedadlı sənətkar kimi XX əsr Azərbaycan ədəbiyyatı tarixində şöhrət qazanıb. Görkəmli qələm ustadının həyat və yaradıcılıq yolları Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
02.06.2011
![]()
Əhməd Cavad
İntibah deyəndə ilkin xatırlanan Nizami olur. Məhəbbət deyəndə birinci Füzulinin adı çəkilir. Cümhuriyyət deyəndə yada hamıdan əvvəl Əhməd Cavad düşür. Üçrəngli bayraq emblemi var tariximizdə. Üçrəngli poeziya bədii yaddaşa hamıdan əvvəl Əhməd Cavadın qələmi ilə həkk olunub. Müsavatın ilk himni, ilk marşı, ilk bayrağı onun adı ilə bağlı olduğu kimi, ilk şəhidi, 1937-ci ilin ilk qurbanı da Əhməd Cavad olub. Görkəmli şairin həyat və yaradıcılıq yolları Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
26.05.2011
![]()
Məhəmmədhüseyn Şəhriyar
Məhəmmədhüseyn Şəhriyar İranda XX əsrdə ərsəyə gələn ən görkəmli şairlərdən biri, Azərbaycan və İran ədəbiyyatının fəxridir. Ana dilində və farsca yazılan əsərləri ilə o, hələ öz sağlığında klassiklər səviyyəsinə qalxaraq, Yaxın Şərq ədəbiyyatını bədii möcüzələrlə, təravətli obraz və ifadə vasitələri ilə zənginləşdirib. Xüsusən dünya poeziyasına Heydərbabaya salam kimi yüksək dərəcədə xəlqi və sənətkarlıq baxımından nadir əsərlərdən birini töhfə verib. Görkəmli şairin həyat və yaradıcılıq yolları Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
19.05.2011
![]()
Mir Cəlal Paşayev
Mir Cəlal Paşayev XX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elmi tarixində şöhrət tapan parlaq şəxsiyyətlərdən biridir. O, yetmiş illik ömrünün tam yarım əsrini çətin, lakin mənalı və şərəfli bədii, elmi və pedaqoji yaradıcılıq işinə həsr edib. Mir Cəlalın elmi, məntiqi onun bədii ilhamına, həyata sənətkar baxışına, estetik duyğu-düşüncələr sisteminə uyğun gəlirdi, bilik potensialı, zəka və təfəkkür işığı sənətini də təbii məcraya yönəltməyə kömək edirdi. Görkəmli qələm ustadının həyat və yaradıcılıq yolları Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
12.05.2011
![]()
Mirzə İbrahimov
Xalq yazıçısı Mirzə İbrahimov Azərbaycanın sovet dövrü ədəbiyyatının beşiyi başında dayanan, onun zənginləşməsi yolunda istedad və əməyini əsirgəməyən, bütün varlığını, duyğu və düşüncəsinin var gücünü insan dühasının nailiyyətlərinə əsaslanaraq bədii təfəkkürün hüdudlarını genişləndirmək, sənətdə yeni yollar açmaq kimi nəcib və mürəkkəb vəzifənin şərəflə yerinə yetirilməsi işinə verən görkəmli sənətkarlarımızdandır. Görkəmli yazıçının həyat və yaradıcılıq yolları Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
05.05.2011
![]()
Əlican Qövsi Təbrizi
Klassik Şərq poeziyasının tərkib hissəsi olan klassik Azərbaycan poeziyası o qədər zəngindir ki, onun incilərini saymaqla qurtaran deyil. Dahilər təkcə öz xalqının deyil, onlar fərd kimi doğulduqda əvvəlcə öz ailəsinin, sonra şəxsiyyət kimi yetişdikdə öz cəmiyyətinin, ölkəsinin, dahi olduqda isə bütün bəşəriyyətin övladı olurlar. Bu gün haqqında danışacağımız Əlican Qövsi Təbrizi XVII əsrin görkəmli Azərbaycan şairi, Səfəvilər dövründə inkişaf edən anadilli şerimizin ən tanınmış nümayəndələrindən biridir. Görkəmli şairin həyat və yaradıcılıq yolları Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
28.04.2011
![]()
Qazi Bürhanəddin Əhməd
Azərbaycan anadili şeirinin ilk böyük nümayəndəsi Qazi Bürhanəddin Əhməddir. XIV yüzillikdə yazıb-yaradan şair dilimizi şeir, sənət dili kimi yeni bir zirvəyə yüksəldib. Böyük bir tarixi vəzifəni şərəflə yerinə yetirən Qazi Bürhanəddin Azərbaycan divan ədəbiyyatının özülünü qoyaraq, klassik poeziyanın ilkin gözəl nümunələrini yaradıb. Görkəmli şairin həyat və yaradıcılıq yolları Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
21.04.2011
![]()
Abbas Səhhət
20-ci əsrin əvvəllərində bir çox şair və yazıçılarımız ədəbi bataqlığa düçar oldular. Çox istedadlar zamanın irəli atdığı suallara doğru cavablar tapa bilmədilər. Məlum adlar, təxəllüslər illər keçdikcə azaldı, adları mətbuat səhifələrinə səpələnən onlarla şair və nasirdən yalnız xalqın bədii təfəkkürünə güclü təsir göstərə bilən bir neçə məşhur ad görkəmli yer tuta bildi. Yeni əsrin əvvəllərində yazıb-yaradan, klassiklər sırasına keçən, həmin məşhur adlardan biri də Abbas Səhhət idi. Görkəmli ədibin həyat və yaradıcılıq yolları Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
14.04.2011
![]()
Rəsul Rza
Rəsul Rza poeziyası öz dövrünün, öz əsrinin -XX əsrin qayğı və problemləri ilə aşılanan poeziyadır, əsrin insanını narahat edən, düşündürən, kədərləndirən və mübarizəyə qaldıran poeziyadır; bu əsrin fəlsəfi-poetik dərki olan poeziyadır və buna görə də R.Rzanın poeziyadakı novatorluğu əsrin sənət novatorluğudur. R.Rza gələcəklə yaşayan şair idi. Görkəmli şairin həyat və yaradıcılıq yolları Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
31.03.2011
![]()
Mirvarid Dilbazi
İlk qələm və təcrübələrini çap etdirəndən ömrünün sonunadək Mirvarid Dilbazinin əsas yaradıcılıq fəaliyyəti xalqla, onun həyatında baş verən böyük inqilabi dəyişikliklərlə bağlı olub, şəhərdə və kənddə sosializm quruculuğu yollarında müvəffəqiyyətlə irəliləyən zəhmət adamlarının odlu nəfəsindən hərarət alıb. Onun bir sıra əsərlərini hələ o zaman məhz şərq qadınının taleyinə həsr etməsi də tamamilə təbii idi. Görkəmli şairəmizin həyat və yaradıcılıq yolları Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
24.03.2011
![]()
Molla Vəli Vidadi
Görkəmli Azərbaycan şairlərindən biri olan Molla Vəli Vidadinin XVIII əsr Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yeri var. Onun məhəbbət və insanpərvərlik lirikası, tarixi mövzuda yazdığı “Müsibətnamə” əsəri öz ideya məzmunu və bədii gözəlliklərinə görə fərqlənir. Şairin aşıq şeri və klassik poeziya üslubunda yaratdığı qoşma, gəraylı, bayatı, qəzəl və müxəmməsləri fikir-məna aydınlığı və sənətkarlıq məziyyətləri etibarilə çox səciyyəvidir. Klassik şairimizin həyat və yaradıcılıq yolları Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
17.03.2011
![]()
Əbdürrəhim bəy Haqverdiyev
Dramaturgiyamıza “Pəri cadu, “Ağa Məhəmməd şah Qacar”, “Dağılan tifaq”, “Bəxtsiz cavan” kimi əsərlər bəxş edən Əbdürrəhimbəy Haqverdiyev yaradıcılığı Azərbaycan ədəbiyyatında sevindirici bir hadisədir.O, öz şərəfli həyatını ədəbiyyat və teatrımızın inkişafına həsr edərək ölməzlik zirvəsinə ucalıb. Məhz bu zirvənin üfüqlərində dolaşdığı üçün də görkəmli ədibimiz hər zaman böyük məhəbbətlə sevilir və xatırlanır. Ədibin həyat və yaradıcılıq yolları Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
03.03.2011
![]()
Nəriman Nərimanov
Görkəmli Azərbaycan mütəfəkkiri Nəriman Nərimanovun həyatı və fəaliyyəti Azərbaycan tarixinin və ictimai-ədəbi fikrinin yeni dirçəlmə dövrünə təsadüf edib. Azərbaycan ədəbiyyatında Nəriman Nərimanov mütəfəkkir yazıçı və materialist filosof M.F.Axundzadənin yaratdığı ədəbi məktəbin klassik ənənələrinin qüdrətli davamçısı olub. O, bir müəllim, ədəbiyyatımızda tarixi faciə janrının banisi, nasir, həkim, jurnalist, publisist və teatr xadimi kimi milli mədəniyyətimizin inkişafına səmərəli və misilsiz təsir göstərib. Ədibin həyat və yaradıcılığı Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində.
|
|
24.02.2011
![]()
Qasım bəy Zakir
XIX əsr realist Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Zakirin ədəbi irsi xalqımızın mədəniyyət xəzinəsinə daxil olub. Onun yaradıcılığı orta və ali məktəb proqramlarında, dərsliklərdə, müntəxəbatlarda geniş yer tutub. Böyük şair, görkəmli satirik Qasım bəy Zakirin maarifçilik fəaliyyəti, sonralar onun xələfləri, o cümlədən dostu M.F.Axundzadə tərəfindən davam və inkişaf etdirilib. Həmin tarixi şəxsiyyətlərin, görkəmli ziyalıların elm, təhsil, maarifin inkişafı, dilimizin saflığı uğrunda apardıqları mübarizələrin məntiqi nəticəsidir ki, hazırda bu sahədə böyük irəliləyişlərin, inkişafın şahidi oluruq. Görkəmli şairin həyat və yaradıcılığı Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində.
|
|
17.02.2011
![]()
Süleyman Rüstəm
Ötən əsrdə yaşayıb yaradan Azərbaycanın görkəmli şairi S.Rüstəm bəzi həmkarları ilə müqayisədə əslində bəxti gətirən qələm sahiblərindən olub. 1937-ci ilin təqiblərindən qurtararaq yaşamaq, yaratmaq hər kəsə nəsib olmurdu. Süleyman Rüstəm məhz qara qüvvələrin gözündən məharətlə yayındığından təzyiqlərə, həbslərə tuş gəlmədi. Nə yaxşı ki, bu belə oldu. Çünki, XX əsr Azərbaycan poeziyasının coşqun ruhlu, novator şairlərindən biri məhz Süleyman Rüstəm idi. Görkəmli şairin həyat və yaradıcılığı Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində.
|
|
10.02.2011
![]()
Mövlanə Cəlaləddin Rumi
Türk dünyasının görkəmli şairi Mövlanə Cəlaləddin Rumi amansız və acımasız bir zamanda, qanlı müharibələr, məkrli saray qəsdləri, sosial, milli dini dözümsüzlük dövründə yaşayıb və yorulmadan varlığın ən böyük həqiqəti kimi eşqi tərənnüm edərək, daima düşmənçiliyə və rəxnəyə deyil, barışa və anlaşmağa çağırıb. "Dünyaya ayrılmaqçün yox, birlikdə olmaq üçün gəlmişik". Bu fikir Mövlanə yaradıcılığının ana xəttidir. Dünya şöhrətli şairin həyat və yaradıcılığı Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
03.02.2011
![]()
Süleyman Rəhimov
Görkəmli yazıçımız Süleyman Rəhimov yeni dövr Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biridir. Onun yaradıcılığı Azərbaycan nəsrinin böyük bir inkişaf dövrü ilə sıx surətdə bağlıdır. Süleyman Rəhimovun romanları milli nəsrimizdə bu janrın diqqətəlayiq hadisələrdən sayılır. Bu romanlar üçün epoxal hadisələri əhatə etmək, epiklik, insanı əsrin mürəkkəb siyasi-ictimai hadisələrinin burulğanında göstərmək, realizm, psixologizm, xalq dili zənginliklərindən sənətkarlıqla bəhrələnmək kimi gözəl xüsusiyyətlər səciyyəvidir. Ədibin həyat və yaradıcılığı
Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
27.01.2011
![]()
Abdulla Şaiq
Ötən əsrin əvvəllərində Azərbaycan maarifinin qarşısında yenitipli məktəblərin yaranması, məktəblərdə təlimin ana dilində aparılması, dərs kitablarının ana dilində tərtib edilməsi, ibtidai və orta məktəblərin inkişafı, milli müəllim kadrlarının hazırlanması kimi problemləri həll etmək dururdu. Belə bir dövrdə əsrin tanınmış ziyalıları kimi Abdulla Talıbzadə Şaiq də bu problemlərin həllində uzun və şərəfli bir yolun yolçusu olaraq ömrünün 34 ilini Azərbaycan maarifinin inkişafına həsr edir. Görkəmli ədibin həyat və yaradıcılığı Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
20.01.2011
![]()
Azərbaycan şairi Şah İsmayıl Xətai
Mənşəcə Azərbaycan türklərindən olan görkəmli dövlət xadimi, Səfəvilər dövlətinin banisi və Xətai ləqəbi altında tanınan Azərbaycan şairi Şah İsmayıl öz yaratdığı poeziya nümunələri ilə ölməzlik zirvəsinə ucalıb. O, Azərbaycan türkcəsini dövlət dilinə çevirərək, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün ölçüyəgəlməz dərəcədə böyük işlər görüb. 38 illik qısa ömür sürməsinə baxmayaraq istər siyasi, istərsə də ədəbi fəaliyyəti baxımından Şah İsmayıl Xətai olduqca böyük işlər görərək əbədiyyət üfüqlərinə yüksəlib. Görkəmli şair və dövlət xadimi Şah İsmayıl Xətainin həyat və yaradıcılığı Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
13.01.2011
![]()
Almas İldırım
Azərbaycan mədəniyyət tarixinin elə səhifələri var ki, az qala 70 ilə yaxın bir müddətdə xalqdan gizlədilib, onun inkişafında böyük rol oynayan şəxsiyyətlərin həyat və yaradıcılıq taleyi çox az adama məlum olub. Ötən əsrin 90-cı illərinə qədər mədəniyyət tariximizin belə ağ səhifələrindən biri də Azərbaycan mühacirət poeziyasının görkəmli nümayəndələrindən olan Almas İldırımın adı ilə bağlı idi. Almas İldırım ömrü acı taleli, təqiblərlə dolu, sürgünlərdə və qürbətdə keçən məşəqqətli bir yol idi. Bu yolun izləri “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
06.01.2011
![]()
Cəfər Cabbarlı
Azərbaycan xalqının qürur mənbəyi olan Cəfər Cabbarlı öz yaradıcılığında Azərbaycan klassik dramaturgiyasının ən gözəl cəhətlərini davam etdirməklə bərabər dünya dramaturgiyasının da nailiyyətlərindən faydalanıb. İbsen kimi aktual, qəti və cəsarətli, Şiller kimi üsyankar, Şekspir kimi əngin və rəngarəng, Qorki kimi ideyalı olmağa çalışan, öyrənən, arayan Cabbarlı Azərbaycan dramaturgiyasında sosial realizmin əsasını qoydu. Görkəmli ədibin həyat və yaradıcılıq yolları Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
30.12.2010
![]()
Mirzə Ələkbər Sabir
İnqilabi-satirik şeirimizin banisi və bayraqdarı Mirzə Ələkbər Sabir Tahirzadə Şirvani Azərbaycan ədəbiyyatı tarixində şərəfli yer tutan böyük simalardan biridir. Onun inqilabi demokratik poeziyası öz müasirliyi, xəlqiliyi, yüksək sənətkarlığı və dərin realizmi ilə Azərbaycan mədəniyyətinin, bədii və ictimai fikrinin tərəqqisində müstəsna rol oynayıb. Görkəmli şairimizin həyat və yaradıcılıq yolları Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
23.12.2010
![]()
Yunus Əmrə
Türk xalq şairlərinin mübahisəsiz birincisi olan və Türkün İslama baxışını, Türk dilini bütün sadəlik və gözəlliyiylə ortaya qoyan Yunus Əmrə, sevgini fəlsəfə halına gətirən örnək bir insandır. Təxminən 700 ildir Türk milləti tərəfindən türkü və ilahilərə söz olan, zaman-zaman atasözü misalı dildən dilə dolaşan misralarıyla Yunus Əmrə, Türk dünyası mədəniyyətinin inkişafına böyük töhfələr verən bir könül adamıdır. Yunus Əmrənin həyat və yaradıcılıq yolları Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
16.12.2010
![]()
Seyid Əzim Şirvani
Görkəmli şairimiz Seyid Əzim Şirvani Azərbaycan ədəbiyyatının məşhur xadimlərindəndir. Böyük Mirzə Fətəli Axundzadənin maarifçilik və islahatçılıq ideyalarının alovlu davamçısı və müdafiəçisi, Həsən bəy Zərdabinin ideya silahdaşı, məslək və mübarizə yoldaşı, cəngi və qəhhar poeziyasının yaradıcısı, böyük xalq şairi M.Ə.Sabirin ustadı, məşhur maarif xadimi, realist yazıçı, filoloq alim Sultan Məcid Qənizadənin müəllimi olan şairimizin həyat və yaradıcılıq yolları Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində....
|
|
09.12.2010
![]()
Mikayıl Müşfiq
Müasir Azərbaycan ədəbiyyatının görkəmli şairi Mikayıl Müşfiqi bütün nəsillərin müasiri edən, həmişə sevdirən onun ürəkdən gələn, səmimiyyətlə dolu poeziyasının xalq ruhu ilə bağlılığı, Azərbaycanımızı böyük məhəbbətlə tərənnüm edib sevdirməsi, vətəndaşlığı, cazibə qüvvəsilə oxucuların qəlbini ehtizaza gətirməsidir. Qısa ömür sürməsinə baxmayaraq Azərbaycan ədəbiyyatına zəngin irs bəxş edən görkəmli şairimizin həyat və yaradıcılıq yolları Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
02.12.2010
![]()
Mirzə Şəfi Vazeh
Adi bir xəttat, sonra isə Azərbaycan dili müəllimi olan Mirzə Şəfi nə vaxtsa onun şeirlərinin dünyanın ən yaxşı tərcüməçiləri və Avropa şairləri tərəfindən, demək olar ki, bütün dillərə çevriləcəyini, sözlərinə çoxlu bəstələr yazılacağını ağlına da gətirə bilməzdi. Lakin, hər şey məhz bir təsadüf üzündən baş verdi. Bütün bunlar Rusiya və Qafqaza səyahətə çıxan alman ədibi Bodenştedtin sayəsində baş verdi. Məşhur şair və “Gəncəli müdrik” adlanan Mirzə Şəfi Vazehin həyat və yaradıcılıq yolları Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
25.11.2010
![]()
Məhsəti Gəncəvi
XI əsrin sonları - XII əsrin əvvəllərində yaşayan böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi Azərbaycan və müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz şeirlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər poeziyasının təmsilçisi idi. Məhsəti hər şeydə birincilik qazanmışdı. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır. Görkəmli şairənin həyat və yaradıcılıq yolları Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
18.11.2010
![]()
Cəlil Məmmədquluzadə
Bənzərsiz nasir, kiçik hekayənin böyük ustadı, qüdrətli dramaturq, vətəndaş-publisist, azərbaycançılıq ideologiyasının yaradıcılarından biri, Azərbaycan ədəbiyyatında "Molla Nəsrəddin" ədəbi məktəbinin, tənqidi realizmin banisi kimi geniş şöhrət qazanan görkəmli yazıçı və tanınmış ictimai xadimdir. Zəngin ömür yolu keçən ədibin həyat və yaradıcılıq yolları Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
11.11.2010
![]()
Hüseyn Cavid
Azərbaycan xalqının böyük şairi və dramaturqu Hüseyn Cavid öz yaradıcılığı ilə ölməzlik zirvəsinə ucalan nəhəng qələm ustadlarımızdandır. Mütəfəkkir şair, görkəmli dramaturq Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində orijinal ədəbi simalardan biridir. Minillik Azərbaycan ədəbiyyatının növbəti inkişaf mərhələsi sayılan XX əsr Azərbaycan romantizmi hamıdan çox Hüseyn Cavidin adı ilə bağlıdır. Ədibin həyat və yaradıcılıq yolları Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
04.11.2010
![]()
Əfzələddin Xaqani
Əfzələddin Xaqani Şirvani təkcə Azərbaycanın yox, bütün Yaxın Şərq ədəbi-ictimai fikrinin XII əsrdə yetişdirdiyi ən görkəmli simalardan biri, sənətinin bəzi məqamları etibarilə birincisidir. Müasirləri arasında elə bir sənətkar tanımırıq ki, əsərlərində bu regionun təbiəti, milli-mənəvi dəyərləri, görkəmli ədəbi, elmi simaları, din xadimləri, özəlliklə də dövlət adamları şairimizin irsində olduğu kimi əzəmi dərəcədə öz bədii inikasını tapa bilsin. Böyük şairin həyat və yaradıcılıq yolları Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
28.10.2010
![]()
Mirzə Fətəli Axundzadə
Mirzə Fətəli Axundzadə ədəbi-bədii, ictimai-fəlsəfi yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında və ictimai-fəlsəfi fikrində əsaslı dönüş yaradan mütəfəkkir yazıçıdır. O, Azərbaycanda dramaturgiyanın, yeni realist bədii nəsrin, realist ədəbi tənqidin, materialist estetikanın ilk görkəmli nümayəndəsi, ictimai və fəlsəfi fikir tarixində maarifçilikdən inqilabi demokratiyayadək olduqca mürəkkəb ideoloji yüksəliş yolu keçmiş böyük mütəfəkkir və materialist filosofdur. Ədibin həyat və yaradıcılıq yolları cümə axşamı saat 22.25-də Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
21.10.2010
![]()
Molla Pənah Vaqif
Vaqif öz əsərlərində həyat eşqini, məşuqəsinin gözəlliyini, hicranın acısını və vüsalın şirinliyini inandırıcı bir tərzdə tərənnüm edir. Şair öz əsərlərinin bütöv bir qismini Azərbaycan gözəllərinin təsvirinə həsr edib. Vaqif az qala bütün şeirlərində məşuqənin gözlərini, qaşlarını, saçlarını, yanaqlarını, əllərini, ayaqlarını, qədd-qamətini, can alan baxışlarını təsvir edir. Görkəmli Azərbaycan şairi və siyasi xadim Molla Pənah Vaqifin həyat və yaradıcılıq yollarından ən maraqlı məqamlar Kəpəz Televiziyasının “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
14.10.2010
![]()
Xurşidbanu Natəvan
Bədii yaradıcıllığa XIX əsrin 50-ci illərində başlayan Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatında Füzuli ənənələrini davam etdirən görkəmli şairələrdən biridir. Həzin, səmimi lirika, təbiət gözəlliklərinin və insanın könül dünyasının bəzən real, bəzən isə romantik, təsirli poetik vasitələrlə təsviri onun yaradıcılığının başlıca keyfiyyətləridir. Narahat ruhu hələ də Şuşanın səmasında pərvaz edən şairənin həyat və yaradıcılıq yollarından ən maraqlı məqamlar Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
07.10.2010
![]()
Səməd Vurğun
Söz və sənət qədri bilən Azərbaycan xalqı zaman-zaman yetirdiyi dahi övladları ilə tanınıb və sevilib. Bu ustad söz sənətkarlarımızdan biri də 20-ci əsrin yetişdirdiyi nəhəng dühalardan biri olan Səməd Vurğundur. Böyük şairimizin həyat və yaradıcılıq yoluna nəzər saldıqda insan bu qədər zəngin ədəbi fəaliyyətin 50 illik qısa bir ömrə necə sığdığına heyrətlənir. Heyrətamiz şair ömrünün ən işıqlı səhifələri Kəpəz TV-nin “Əbədi ədədiyyət”ə açılan pəncərəsində...
|
|
30.09.2010
![]()
Nəcəf bəy Vəzirov
Əbədiyyətə gedən ədəbi bir yoldayıq yenə. Əlbəttə ki, sizinlə birlikdə. Bu gün haqqında danışacağımız görkəmli ədib Nəcəf bəy Vəzirov ədəbiyyat və incəsənət tariximizdə sarsılmaz yer tutan klassiklərdən biridir. Dahi yazıçı-mütəfəkkir M.F.Axundzadənin yaratdığı yeni realist ədəbi məktəbin böyük nümayəndəsi sayılan Vəzirov ədəbiyyatı günün zəruri məsələləri, xalq həyatı ilə bağlayan sənətkardır. Ədibin həyat və yaradıcılıq yolu Kəpəz TV-nin “Ədəbi əbədiyyət”ə açılan pəncərəsində...
|
|
16.09.2010
![]()
İmadəddin Nəsimi
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.
O, öz qeyri-adi istedadı və heç kimə bənzəməyən ölümü ilə Azərbaycan ədəbiyyatında adı qızıl hərflərlə yazılan şairlərimizdən biridir. Qəzəl janrının ən güclü müəlliflərindən biri olan İmadəddin Nəsimi öz ölümü ilə ölməzlik zirvəsinə ucalan bir şairdir. Şöhrətləri hüdudlarımızı aşan böyük şairimizin həyat və yaradıcılıq yolundan ən maraqlı faktlar “Ədəbi əbədiyyət”ə açılan pəncərədə...
|
|
09.09.2010
![]()
Məhəmməd Füzuli
Əbədiyyətə gedən ədəbi bir yol ilə irəliləməkdəyik. İrəlilədiyimiz bu zəngin və keşməkeşli yolda Azərbaycan xalqı nə dahilər görmədi ki? Nizamilər, Füzulilər, Nəsimilər yetirən bu torpaq öz zəngin ədəbiyyatı ilə haqlı bir qürur duyur. Dahi Məhəmməd Füzuli yaradıcılığı da xalqımız üçün böyük və zəngin bir xəzinədir. Bu xəzinənin dəyəri heç bir ölçü vahidi ilə qiyaslana bilməz. Böyük şairimizin həyat və yaradıcılıq yolundan ən işıqlı səhifələr...
|
|
02.09.2010
![]()
Nizami Gəncəvi
Azərbaycan ədəbi mühitinə yeni bir səyahət... Poetik ruhlu Azərbaycan xalqının zəngin ədəbi irsi... Qələm sahiblərimizin əsrlərdən ötüb bizə ucalan güclü səsi... Ədəbi əbədiyyətə gedən sirli yolun çığırları... İlk buraxılışda qədim Gəncə torpağının bütün dünyaya bəxş etdiyi ən böyük söz sahibinin həyat və yaradıcılıq yolları... Dahi Nizami Gəncəvini ədəbi aləmdə əbədiləşdirən sirrlər, məqamlar...
|