Mariflənməyə ehtiyac var, insanlar öz hüquqlarını bilmirlər. Korrupsiya ilə bağlı aparılan mübarizə ekspertləri bu qənaətə gətirib.
Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi bu sahədə aşkarlanan pozuntuların sayının artmasına səbəb olub. 2011-ci ilin statistik məlumatları belə deməyə əsas verir. Bu məlumatları mediaya ilə bölüşən Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev bildirir ki, ötən il bu sahədə 18 əməliyyat keçirilib. 229 şəxs barəsində 142 cinayət işi açılıb. 2010-cu illə müqayisədə açılan işlərin asayı 40 ədəd artıb. Burada xüsusi ilə ağır korrupsiya cinayətlərindəki artım diqqəti çəkir. Belə ki, 142 cinayət işinin 50%-i ağır cinayətlərə dair məhkəmələrə göndərilib.
Hazırda daha 10 belə işsə icraatdadır. Keçən il korrupsiya pozuntuları zamanı mənimsənən 16 milyon manatdan 6, 880 milyon manatının ödənilməsi təmin edilib. 2 milyon manatdan çox dəyəri olan əmlaka həbs qoyulub. Eyni zamanda nüfuz alveri cinayətləri ilə bağlı 3 şəxs barəsində 2 cinayət işi açılıb.
Kamran Əliyev idarənin qaynar xəttinin bağlanmadığını, əksinə 24 saat açıq olduğunu deyir. Ötən ilin 10 ayında bura 3 min 578 müraciət daxil olub. Bunlardan 786-sına baxılıb, 27 müraciət əsasında 33 şəxs barəsində cinayət işi açılıb. Digər müraciətlərdə cinayət deyil, korrupsiya hüquq pozmaları müəyyən olunub və müvafiq dövlət qurumlarına məlumatlar göndərilib.